"Kəpəz"in kapitanı Əli Səmədov Premyer Liqanın 7-ci turunda "Şamaxı" üzərində qazandıqları qələbəni şərh edib. Matc.az xəbər verir ki, o, 2:1 hesablı qələbə ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
 
"Oyuna yaxşı hazırlaşmışdıq, həftə ərzində baş məşqçi Tərlan Əhmədov tərəfindən verilən tapşırıqları maksimum şəkildə yerinə yetirməyə çalışmışdıq. Bütün məşq prosesi üç xal hədəfi üzərində qurulmuşdu. Matçdan əvvəl baş məşqçimiz də bildirmişdi ki, yalnız qələbə üçün meydana çıxacağıq. Doğrudan da bizə qalib gəlmək mütləq lazım idi. çünki vəziyyətimiz yaxşı deyildi. Ardıcıl 6 oyunda uduzmuşduq. Əlimizdən gələni etməliydik ki, qələbə qazanaq. Şükürlər olsun ki, məqsədimizə çatdıq. Birinci hissədə hesabda geriyə düşsək də, inamımız azalmadı. Fasilədə baş məşqçimiz də ruhdan düşməməyimizi istədi. Bildirdi ki, oyunu xilas edə bilərik. Uşaqlara özünəinam hissini aşıladı. Nəticəsi də məlumdur. Tez toparlanıb əvvəlcə hesabı bərabərləşdirdik, daha sonra önə keçdik. Nümayiş etdirdiyimiz oyunla da göstəririk ki, əvvələ baxanda komandada çox irəliləyiş var. Mən şəxsən belə düşünürəm. Tərlan müəllimin rəhbərliyi altında daha uğurlu nəticələr qazanacağıq. Sevincliyik, uzun müddətdən sonra nəhayət ki, qalib gəlməyi bacardıq. İnşallah, bunun ardı gələcək. Qələbələrin davamlı olması üçün əlimizdən nə gəlirsə, edəcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest