"Səbail"in hücumçusu Ağabala Ramazanovun matc.az saytına müsahibəsi
 
- Mövsümün geridə qalan 7 turunu komandanız üçün necə dəyərləndirmək olar?
- Təbii ki, daha yaxşı nəticə ola bilərdi. Deyə bilmərəm ki, xal baxımından istədiyimizi əldə etmişik. Amma oyunumuzdakı inkişaf göz qabağındadır. Düşünürəm ki, keçirdiyimiz matçlardan dərs çıxarıb daha yaxşı nəticələr əldə etmək üçün üzərimizdə çalışmalıyıq.
 
- Yay fasiləsində ciddi transferlərə baxmayaraq, cəmi 5 xal toplamısınız. Uğurlu nəticələr üçün nə çatışmır?
- Komandamız yenidi, adaptasiya dövründən keçir. Oyunçuların bir-birinə tam uyğunlaşması üçün vaxt lazımdı. Düşünürəm ki, qarşıdakı görüşlərdə bizim üçün hər şey yaxşı olacaq.
 
- Həm komandanın özünü toparlaması, həm də yeni transferlərin daha tez uyğunlaşması baxımından yaranmış qısamüddətli fasiləni sizin üçün göydəndüşmə saymaq olar?
- Yaranan bu fasilədən mütləq istifadə eləməliyik. Buna görə də qarşıdakı matça var gücümüzlə hazırlaşırıq.
 
- "Səbail" hamını təəccübləndirərək turnir cədvəlinin aşağı pillələrində qərarlaşıb. Bu komandanın perspektivi neçənci yerə qədər yüksəlməyə imkan verir?
- Yekun nəticə barədə fikir bildirmək düzgün deyil. Hər şeyi mövsümün sonunda görəcəyik.
 
- "Qəbələ" və "Sumqayıt"la ardıcıl ev oyunları ilə birinci dövrəni yekunlaşdıracaqsınız. Bu görüşləri yüksəlişə keçmək baxımından "Səbail" üçün şans saymaq olar?
- Şans hər zaman var. Komandamız güclü heyətə və yaxşı məşqçilərə sahibdir. Baş məşqçinin tapşırıqlarına əməl edərək qarşıdakı oyunlardan yaxşı nəticə ilə ayrılmaq istəyirik. Rəqibin kimliyindən asılı olmayaraq, bu hər matçda belədi.
 
- Bu mövsüm meydana çıxdığınız 5 oyunda 3 qol vurmusunuz. Mövsümün startındakı şəxsi çıxışınıza neçə qiymət verərdiniz?
- Heç vaxt fərdi nəticəmə önəm verməmişəm. Mənim üçün vacib olan komandamın uğurunda pay sahibi olmaqdı.
 
- Yığma komandanın Millətlər Liqasının Slovakiya (2:1) və Qazaxıstanla (3:0) son oyunlarına çağırılmadınız. Hazırkı performansınızı dəyərləndirdikdə, dəvət almalı idiniz?
- Milliyə dəvət edilib-edilməməyim baş məşqçinin seçimidi. Onun da qərarına hörmətlə yanaşıram. Mən meydanda üstümə düşən işi görüb, komandam üçün əlimdən gələni edirəm. Bunu da davam etdirəcəyəm. O ki qaldı millinin nəticələrinə, komandamıza güvənirdim, bu qələbələri qazanacağına da inanırdım.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest