"Oyuna yaxşı başladıq, hətta Dabo qol da vurdu. Amma ofsayd qeydə alındı". Matc.az saytının məlumatına görə, bu sözlər "Neftçi"nin baş məşqçisi Roberto Bordinə məxsusdu.
 
Topaz Premyer Liqasının XVIII turunda "Səbail"i qəbul edən "ağ-qaralar" meydanı məğlub tərk edib - 1:2.
 
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: "Qapımızda erkən qollar buraxdıq. Sonra toparlanmaq çətin oldu. Bizim üçün neqativ nəticə oldu. Oyunu idarə edən tərəf biz idik. 2 qol buraxdıqdan sonra daha çətin olur, futbolçular ikiqat enerji sərf etməli olurlar. Sona qədər vuruşsaq da, istədiyimiz nəticəni əldə edə bilmədik. Komandamın ümumi oyunundan razı qaldım. çünki rəqib qapısı qarşısında kifayət qədər təhlükəli vəziyyətlər yaratdıq. Hətta son saniyərdlə Mamadu Mbodjun da hesabı bərabərləşdirmək imkanı oldu".
 
- "Qarabağ" dünən xal itirmişdi. Ola bilərmi ki, bu üzdən komanda daha istəkli idi və bu, oyuna mənfi təsir göstərdi?
 
- Deməzdim ki, çox istəkli olduğumuz üçün "yandıq". Oyuna yaxşı hazırlaşmışdıq, meydana da 3 xal üçün çıxmışdıq. Yaxşı mübarizə apardıq, amma istəyimizi hesabda əks etdirə bilmədik. Rəqibdən 2 top buraxacağımızı gözləmirdik. Matça fərqli formada hazırlaşmışdıq. 2 top buraxdıqdan sonra çox dəyişikliklər etməli oldum.
 
- Ruslan Abışov niyə kənarda saxlamışdınız? Hələ də hazır deyil?
 
- Ruslanda bərpa prosesi yaxşı gedir. Yavaş-yavaş hazırlaşır. Sadəcə, meydança üçün tam hazır deyil. Bunun üzərində iş gedir.
 
- Tural Axundovun səhvi futbolda adi səhvdi, yoxsa çempionluğa oynayan komandada belə ötürmə nə dərəcədə qəbulediləndi?
 
- Qələbə üçün meydana çıxmışdıq. İlk dəqiqələrdən bunu nümayiş etdirirdik. Futbolda belə texniki səhvlər normaldı. Tural bu səhvdən sonra da sona qədər dönüş yaratmaq istədi, mübarizə apardı.
 
- "Qarabağ" artıq sizə çatıb. Bu, komandada psixoloji gərginliyə səbəb olmayacaq?
 
- Bu cür düşünmürəm. çempionat sıfırdan başlayacaq. Yeni oyunlar görəcəyik. Komandamız ilk dəqiqədən sona kimi hər şeyi düzgün etdi, kifayət qədər təhlükəli vəziyyətlər yaratdı?
 
- Rəqib sizi nə ilə təəccübləndirdi?
 
- "Səbail" məni təəccübləndirmək üçün nə etməli idi? İki qol buraxdıq. Birini özümüz hədiyyə etdik, ikincisi isə standart vəziyyətdən oldu. Səlahətin qapısı qarşısında başqa təhlükəli vəziyyət gördünüzmü?
 
- Belə çıxır ki, rəqibi düzgün qiymətləndirməmisiniz?
 
- Biz hər bir rəqibə hörmətlə yanaşırıq və oyunlara xüsusi hazırlaşırıq. Rəqib komandanın oyunçuları dəqiqədən bir yerə uzanırdılar, vaxt uzadırdılar. Bunu heç kim demir. Hansı ki, vacib amildi.
 
- "Zirə" ilə matçdakı xal itkisi və bugünkü məğlubiyyətdən sonra sistemdə və heyətdə dəyişiklik etməyinizə səbəb ola bilərmi?
 
- Hər rəqibə qarşı eyni üslubda hazırlaşmıram. Sabahdan növbəti oyunun hazırlığına başlayacağıq.
 
- Azarkeşlərdə belə bir fikir formalaşıb ki, Mirabdulla Abbasov start heyətində meydana çıxanda qol vurur. Buna münasibətiniz necədi?
 
- Bu cür şərhlərə fikir vermirəm. Komandamın həftəboyu hazırlığına baxıram. Mirabdulla 4 gün komanda ilə məşq etməmişdi, xəstələnmişdi.
 
- Həmkarınız Aftandil Hacıyev qalmaqala görə sizi günahlandırdı. Sizin də münasibətiniz maraqlı olardı...
 
- Oyun epizodunda Daboya qarşı kobudluq edilmişdi. Buna görə oyunçular arasında söz-söhbət ola bilər. Amma məşqçi kimi oyunçularıma müdaxilə edə bilməz. Mənim də iradım buna görə oldu ki, get, öz oyunçularınla maraqlan. O, əl-qol hərəkəti elədi. Dedim ki, çəkiliş var, oyundan sonra gözləyərsən, söhbət edərik, bir-birimizi başa düşərik. Amma o, gözləmədi. Mənə deməyə başqa sözü var idisə, gözləyərdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest