"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda aktivinə növbəti xalı yazdırdı. Matc.az saytı xəbər verir ki, Yunanıstan təmsilçisi "Olimpiakos"la doğma arenasında qolsuz bərabərə qalan Azərbaycan çempionu sona iki tur qalmış minimum Konfrans Liqasının pley-offuna vəsiqəni rəsmiləşdirib.

"Qarabağ" (Azərbaycan) – "Olimpiakos" (Yunanıstan) – 0:0
Hakimlər: Kreyq Pouson, Li Betts, Yan Hussin, Con Bruks. VAR hakimləri: Darren İnqland, Peter Benks (hamısı İngiltərə)
13 oktyabr. Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev (27. Toral Bayramov, 85), 2. Qara Qarayev (k) (6. Julio Romao, 68), 7. Riçard Almeyda (8. Marko Yankoviç, 68), 20. Kadi Borqes (19. Filip Ozobiç, 62), 10. Abdullah Zubir, 77. Ramil Şeydayev, 11. Ovusu Kvabena (30. Abbas Hüseynov, 85)
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 81. Kevin Medina
Baş məşqçi: Qurban Qurbanov
"Olimpiakos": 91. Aleksandros Pasxalakis, 74. Andreas-Rixardos Ntoi, 15. Sokratis Papastatopulos, 2. Şime Vrsalko, 45. Oleq Ryabçuk, 5. Andreas Buxalakis (k) (33. Xvan İnbum, 85), 8. Pyerr Kunde (6. Yann Mvila, 69), 17. Marius Vrusay (77. Qarri Rodriges, 85), 21. Pep Biel (28. Metyu Valbuena, 60), 18. Xvan İy Co (12. Marselo, 60), 47. Abubakar Kamara
Ehtiyat oyunçular: 88. Kostas Tzolakis, 99. Atanasios-Teoloqos Papadudis, 19. Giorqos Masuras, 20. Coş Bouler, 24. Usseynu Ba, 66. Pape Abu Sisse, 80. Anastasios Sapuntzis
Baş məşqçi: Miçel Qonzales

5 dəyişiklik, keçmiş ulduzlar ehtiyatda
Yunanıstandakı biabırçı məğlubiyyətdən sonra "Olimpiakos"un baş məşqçisi Miçel Qonzalesin heyətdə ciddi rotasiya etməsi başadüşülən idi. Təsadüfi deyil ki, dünən start heyətində meydana çıxanlardan beşi Pireydə ehtiyatdan başlamışdı. Bunlar Aleksandros Pasxalakis, Andreas-Rixardos Ntoi, Sokratis Papastatopulos, Marius Vrusay və Abubakar Kamara idi. Əvəzində Kostas Tsolakis, Pape Abu Sisse, Yann Mvila və Qarri Rodriges bu dəfə ehtiyatda idisə, Qonzalo Avila "23-lüy"ə düşməmişdi. İspaniyalı çalışdırıcı evdə, xüsusən də, müdafiənin mərkəzindəki boşluğu yaxşı "oxumuşdu" ki, həmin mövqedə ciddi dəyişiklik etmişdi. Hətta qapı xətti də yeni transfer Pasxalakisə həvalə olunmuşdu. Yann Mvila, Marselo, Metyu Valbuena, Qari Rodriges kimi ötənlərin tanınmış futbolçularının ehtiyatda oturması diqqətçəkən məqam idi.

Yenilənmiş heyətlə eyni sxem
Qurban Qurbanov isə qalib heyəti dəyişməzlər prinsipinə sadiq qalmışdı. Yalnız bir dəyişiklik var idi ki, bu da məcburiyyətdən edilmişdi. ölkə çempionatının "Qəbələ" ilə son matçında zədələnən Leandro Andradenin yoxluğunda hücumun sağ cinahında Ramil Şeydayev yer almışdı. Qəbələdəki qarşılaşma ilə müqayisə etsək heyətin tamamilə dəyişdiyini görərik. Yalnız Şeydayev Premyer Liqa görüşündə də start heyətində oynayıb. Zədəsini sağaldan Marko Yankoviç isə ehtiyatda öz vaxtını gözləməli idi.

ötən iki turda "Nant" və "Olimpiakos" üzərində qazanılan böyükhesablı qələbə azarkeşlərin "Qarabağ"a inamını daha da artırmışdı. Hər kəs Ağdam klubundan yenə eyni nəticəni gözləyirdi. Görüş hələ başlamazdan əvvəl tribunaların tam dolması bunu deməyə əsas verir.

"Qarabağ"da futbolçuların düzülüşü və sistem olduğu kimi qalmışdı. Prinsipcə, yunanlar da Pireydəki taktiki sxemə sadiq qalmışdılar. Miçel yenə 5-3-2 sisteminə etibar etmişdi. Yeganə fərq icraçıların bu dəfə başqa adlar olması idi. Əsasən də üçlü mərkəz müdafiədən ikisi - Andreas-Rixardos Ntoi və təcrübəli Sokratis Papastatopulos geridə Şime Vrsalkoya kömək etməli idilər.

Şahruddini görməyən yunanlar, baş məşqçinin qəzəbi
Qrupdakı ilk üç matçından sonra xalsız qalan "Olimpiakos" üçüncü pilləyə ümidini davam etdirmək üçün Bakıdan qalibiyyətlə ayrılmalı idi. Bu üzdən yunanların matça aqressiv başlayacağı proqnozlaşdırılırdı. Lakin hər şey tam əksinə oldu. İngiltərəli baş hakim Kreyq Pousonun start fiti ilə birlikdə "Qarabağ" nəzarəti tam ələ keçirdi. Rəqibini müdafiəsinə sıxışdıran ağdamlılar aramsız ötürmələr və cinah keçidləri ilə boşluqlar axtarırdı. Qonaqların başı qapının toxunulmazlığını qorumağa qarışdığından, hücum etməyə heç vaxtları olmurdu. Meydanın mərkəzini yalnız müdafiədən topu uzaqlaşdırarkən keçirdilər ki, bu da bir neçə saniyə çəkirdi. Hətta Şahruddin Məhəmmədəliyevin üzünü belə, görməkdə aciz idilər. Qapıçıya nadir hallarda iş düşürdü, o da müdafiəçilər geri ötürmə edərkən.

"Olimpiakos"un geridə oturmasına baxmayaraq, etibarlı müdafiə olunduğunu da demək olmaz. çünki "Qarabağ" irəlidə pressinq etdiyi anlarda təhlükəli vəziyyətlər yarada bilirdi. Yüz faizlik olmasa da, futbolçular cərimə meydanı daxilində zərbə vurmaq imkanı qazanırdılar. Rəqibin ilk həmləsi 22-ci dəqiqədə oldu ki, onda da standart vəziyyət zamanı başla zərbə qeyri-dəqiq alındı. Hətta Miçel də tez-tez futbolçularının üstünə qışqıraraq, onlara hücuma çıxmağı tapşırırdı. Di gəl ki, "Qarabağ"ın oyunçuları buna imkan vermirdilər. Azərbaycan çempionu əsas ağırlığı Abdullah Zubirin yer aldığı sağ cinaha qoymuşdu. Fransalı topu ayaqlarında gizləyərək hər dəfə cərimə meydanına girsə də, bunun sonunu gətirə bilmirdi.

Sistem dəyişikliyi və bir zədənin təsiri
Hissənin ortalarında Kadi Borqesin zədələnməsi isə matçın gedişatına ciddi təsir göstərdi. Düzdü, braziliyalı axsayaraq da olsa, mübarizəni davam etdirdi, hətta özünü ora-bura vuraraq bunu hiss etdirməməyə çalışdı. Ancaq bu da Kadinin oyundan qopmasına əngəl deyildi. Bu da komandanın hücum keyfiyyətini xeyli aşağı salmışdı. Bundan yararlanan qonaqlar hissənin sonlarında oyunu bərabərləşdirməyi, topla tez-tez irəli çıxmağı bacardı. "Olimpiakos"un oyunu bərabərləşdirməsinin digər səbəbi sxem dəyişikliyi idi. Meydanda işlərin yolunda getmədiyini anlayan baş məşqçi 4-lü müdafiə sisteminə keçdi. Belədə Vrsalko da doğma sağ cinahına çəkildi. Ancaq xorvatiyalı fiziki cəhətdən hazır görünmədiyindən, hücumlara çıxmır, müdafiədə qalmaqla kifayətlənirdi. Hissənin sonları hər iki komandanın ifasında çoxsaylı top itkiləri ilə keçdi. Bu da təhlükəli hücumlar qurmağa imkan vermədi.

Qarşılıqlı əvəzləmələrlə dəyişən orta sahə
Kadi axsamasına baxmayaraq, fasilədən sonra da meydandakı yerini aldı. Braziliyalının keyidicinin köməyi ilə oynamaqda israrlı olması təqdirəlayiq haldı. Ancaq onun tam performansını ortaya qoya bilməməsi komandanın hücumlarının kəsərliliyinə də təsir edirdi. Bunu şans kimi dəyərləndirmək istəyən Miçel komandasının meydanda üstünlüyə yiyələnməsi üçün Valbuena ilə Marselonu meydana buraxdı. 4-5-1 sistemində Marselo müdafiənin yox, yarımmüdafiənin sağında oynamağa başladı. Braziliyalı hətta çox vaxt orta sahədə də görünür, bir növ sərbəst çıxış edirdi.

Qurban Qurbanov buna dərhal cavab verərək, nəhayət ki, Kadini Filip Ozobiçlə əvəzlədi. Hissənin sonları hər iki komandanın qarşılıqlı əvəzləmələri ilə keçdi. çox keçmədən "Qarabağ"da daha iki əvəzləmə edildi ki, belədə orta sahə tamamilə dəyişmiş oldu. Passivində sarı vərəqəsi olan Riçard Almeyda və kapitan Qara Qarayevin yerinə müvafiq olaraq Marko Yankoviçlə Julio Romao döyüşə atıldı. Qonaqların heyətində meydana sonradan daxil olanlardan pleymeyker Valbuena fəallığı ilə diqqət çəkirdi. Ağdam klubunda Romao və Yankoviçin mübarizəyə qoşulması da məhz Valbuenanın sayəsində fəallaşan rəqibin yarımmüdafiəsindəki üstünlüyü məhv etməyə hesablanmışdı. Qurbanovun bu həmləsi uğurlu alındı və "Qarabağ" yenidən nəzarəti ələ keçirdi.

Səmərəsiz son cəhdlər
Matçın əvvəlindən hücumlarda əsas rolu oynayan Zubir Kadinin əvəzlənməsindən sonra bütün yükü üzərinə götürdü. İnsaf naminə fransalı yarımmüdafiəçi rəqibin müdafiə xəttinə əməlli başağrısı oldu. Ancaq onun başlatdığı hücumlar gah ünvansız ötürmə, gah da qeyri-dəqiq zərbələrlə yekunlaşırdı. Meydan sahiblərindəki son əvəzləmələr futbolçuların meydandakı düzülüşünə də təsir göstərdi. Ehtiyatdan oyuna qoşulan Abbas Hüseynov son dəqiqələrdə hücumun sağında, matç ərzində orada olan Ramil Şeydayev isə mərkəzində çıxış etməli oldu.

Son dəqiqələr qarşılıqlı hücumlarla keçdi. "Qarabağ" bu baxımdan daha üstün görünürdü. Ancaq qonaqların müdafiədə sıxlıq yaratması cəhdlərin səmərəsiz alınmasına gətirib çıxarırdı. "Olimpiakos"un, xüsusən də, orta sahəsində boşluq yaranmışdı. Ancaq nə Ozobiç, nə Zubir, nə də digər futbolçular Şeydayevi lazımi şəkildə topla təmin edə bildi. Nəticədə qarşılaşma qolsuz bərabərliklə yekunlaşdı. Bununla da "Qarabağ" minimum Konfrans Liqasının pley-offuna vəsiqəni rəsmiləşdirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest