2019-cu il UEFA Avropa Liqasının final matçı ilə əlaqədar tədbirdə iştirak etmək üçün Bakıya gələcək Türkiyənin məşhur veteran futbolçusu Nihat Kahvecinin müsahibəsi

- "Bakı 2019: Ulduzlar Finalı" adlı qarşılaşmaya dəvət alan məşhurlar arasında siz də varsınız. Bu barədə nə deyə bilərsiniz?

- Belə bir dəvət aldığım üçün xoşbəxtəm. Daha əvvəl futbolçu kimi Azərbaycana gəlmişəm. Türkiyə yığmasının heyətində meydana çıxmışam. Azərbaycanla Türkiyə bir-birlərini sevən, dəstəkləyən, çox yaxşı münasibəti olan qardaş ölkələrdir. Siyasi, iqtisadi, mədəni, eləcə də idman baxımından yaxşı əlaqələrimiz var. Təkrar Bakıya gəlmək sevindiricidir. Avropa Liqasının finalı Azərbaycan paytaxtında olacaq. Bu, Azərbaycanın futbolu və ölkənin tanıtımı baxımından möhtəşəm olaydır. Bu cür tədbirlərə ev sahibiliyi etmək həm Azərbaycan, həm də Türkiyə üçün müsbət haldır. Bununla qürur duyuruq.

- Amma Türkiyə komandalarından heç biri Bakıdakı finalın iştirakçısı ola bilməyəcək...

- Əlbəttə, "Beşiktaş", "Qalatasaray" və ya "Fənərbağça"nın Avropa Liqasında yoluna davam etməsini istərdim. Ancaq təəssüf ki, onlardan heç biri 1/8 finalda yoxdurlar. ölkə olaraq durumumuza görə məyusuq. Ancaq hazırda mübarizəni davam etdirənlər arasında çox yaxşı komandalar var. Məncə, Bakıda çox gözəl final olacaq. çünki "Napoli", "Benfika", "Arsenal", "Valensiya", "Vilyarreal", bu kuboku ən çox qazanan "Sevilya" kimi komandalar yollarına davam edirlər.

- Sonuncu dəfə 12 oktyabr 2010-cu ildə Avropa çempionatının seçmə mərhələsində millinizin Azərbaycana 0:1 hesabı ilə uduzduğu oyun vaxtı Bakıda olmusunuz. Həmin görüşü necə xatırlayırsınız?

- Doğrudur, bundan bir il sonra karyeramı da başa vurdum. Mənim üçün fərqli və həyəcanlı matç oldu. Səfər maraqlı keçsə də, uduzmağımız üzücü oldu. Həmin vaxt Azərbaycan futbolunda infrastruktur və klublara böyük sərmayə qoyulduğunu, futbolun nə qədər inkişaf etdiyini də gördük.

- Avropa Liqasının finalının keçiriləcəyi Bakı Olimpiya Stadionu həmin vaxt hələ tikilməmişdi...

- Yenicə inşa olundumu? O stadionu görməmişəm. Bu cür böyük yarışlara ev sahibliyi hüququnu almaq üçün belə böyük stadionların inşası çox önəmlidir. Bu, doğrudan da böyük uğurdur.

- Martın 3-də Bakıda hansı futbolçularla birgə meydana çıxacağınızı bilirsiniz?

- Eydur Qudyonssen, Deko, İrji Dudek, Mikael Essyen kimi oyunçular var. Gözəl bir tədbir olacaq. Azərbaycan xalqının stadiona axın etməsini gözləyirik. Belə oyunda olmağımız öz adımıza da qürurvericidir.

- İspaniya təmsilçisi "Real Sosyedad" ilə 2-ci yeri tutduğunuz 2002/2003 mövsümündə Azərbaycandakı futbol azarkeşlərinin böyük qisminin sizə görə komandanızın La Liqadakı bütün oyunlarını izləyirdilər. Burada çox popluyar bir şəxs olduğunuzu bilirsiniz?

- Bəli, xəbərim var. İndi də sosial şəbəklərdə azərbaycanlı qardaşlarım məni izləyirlər, paylaşımlarımı bəyənib, mesajlar yazırlar və öz sevgilərini ifadə edirlər. "Real Sosyedad" və "Vilyarreal"da çıxış etdiyim vaxt məni izləyirdilər. Dəstəklərinə görə hamısına təşəkkür edirəm. Bununla qürur duyuram.

- Dünən baş tutan İstanbul derbisində "Beşiktaş" evdə "Fənərbağça" ilə heç-heçə etdi – 3:3. Bu oyunu necə şərh edərdiniz?

- Əlbəttə, zamanında "Beşiktaş"da oynadığım üçün sabiq komandamın qalib gəlməsini istərdim. 3:0 hesabı ilə nəticələnən möhtəşəm bir ilk hissə, fasilədən sonra isə bərabərlik. Hamımız üzüldük, heç-heçəyə heç kim sevinə bilmədi. Kaş qalib gələrdik. Ancaq rəqib də hər zaman derbilərdə yaxşı oynayan "Fənərbağça" idi. Bunu bir daha göstərdilər.

- Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviç Slaven Biliçin köməkçisi kimi "Beşiktaş"da çalışıb. Yığmanın sabiq baş məşqçisi Robert Prosineçki isə Türkiyədə "Kayserispor"a rəhbərlik edib. Bu mütəxəssislər barədə nə deyə bilərsiniz?

- Yurçeviç və Biliç birgə çox yaxşı mövsümlər keçirdilər. Eyni sözü Prosineçki barədə də deyə bilərəm. Hər ikisi çox səviyyəli mütəxəssislərdir. Son illər seçmə mərhələlərdə Azərbaycan millisi çətin qruplara düşsə də, qalib gəldiyi, xal qazandığı oyunlar oldu. Bu cür davam etmək lazımdır. çünki rəqiblər də güclənir. Azərbaycan futbolunun önümüzdəki illərdə daha da inkişaf edəcəyinə inanıram. Fürsət olsa, Azərbaycanda çalışmaq istərdim.

- Son zamanlar hansı işlərdə çalışmısınız?

- İspaniyada kurslara qatılaraq aldığım UEFA "Pro" lisenziyam var. Sonuncu dəfə AVRO-2016-da Türkiyə millisində Fatih Terimin köməkçisi olmuşam. Hazırda işsizəm. ümidvaram ki, Azərbaycana səfərim vaxtı iş perspektivlərini də nəzərdən keçirəcəyik (gülür - red.).

- Avropa Liqası üçün favoritiniz hansı komandadır?

- "Napoli" və ya "Sevilya".

Report.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest