"Sabah"ın serbiyalı müdafiəçisi Boyan Letiçin matc.az saytına müsahibəsi

- Premyer Liqanın 12-ci turunda "Qəbələ" üzərində qələbəni nəyə borclusunuz?
- çox çalışmağa, hər detala diqqət yetirməyə, motivasiyaya, istək və qələbəyə aclığa. Komanda son ana qədər mübarizə apardı və layiq olduğu qələbəni qazandı.

- Yenə son dəqiqə qolu imdadınıza yetişdi. Matçlarda daha erkən qol vurmağınıza nə mane olur?
- Düzü, biz də erkən qol vurmaq və oyunun taleyini daha tez həll etmək istəyərik. Lakin bu heç də həmişə mümkün olmur. Məncə, əsas məsələ komandanın neçənci dəqiqədə fərqlənməsi yox, 3 xal qazanmasıdı. Şadam ki, son matçdan da qələbə ilə ayrılmağı bacardıq.

- Baş məşqçiniz Murad Musayev mətbuat konfransında bildirdi ki, bundan sonra rəqiblər zədələnmədiyi halda yerdə qalsalar, topu kənara vurmayacaqsınız. Rəqib futbolçular, həqiqətən də, çox vaxt aparırlar?
- Sadəcə onu deyə bilərəm ki, çempionatın əvvəlindən bir çox vaxt belə halların şahidi olmuşuq.

- İlk 12 turun cəmi 2-də büdrəmisiniz. "Səbail"lə heç-heçəyə, yoxsa "Qarabağ"a məğlubiyyətə daha çox üzüldünüz?
- Düzü, bu oyunları müqayisə etmək istəməzdim. Mənim üçün hər bir uğursuz nəticə xoş deyil.

- Artıq bütün komandalarla qarşılaşmısınız. Bir müdafiəçi kimi, hansı komandanın hücum xəttinə qarşı oynamaq çətin olub?
- Əksər klublar bizə qarşı müdafiədən oynayırlar və əks-hücumlardan yararlanmağa çalışırlar. Bəzən qapalı müdafiəni yarmaq çətin olur. Lakin mən rəqib komandada bizə qarşı kimin oynadığına fikir vermirəm. Mənim üçün mühüm olan öz oyunumdur.

- Passivinizdə 3 sarı vərəqə var. "Səbail"lə qarşılaşmada da sarı vərəqə alıb "Qarabağ"la matçı buraxmaqdan qorxmursunuz?
- Düzü, bu barədə düşünmürəm. Yalnız növbəti oyuna köklənirəm.

- Serbiya yığması dünya çempionatında Braziliya, İsveçrə və Kamerunla eyni qrupda yer alıb. Yığmanızın şansını necə görürsünüz?
- Serbiya millisi yaxşı kollektivə sahibdi. Top klublarda çıxış edən futbolçulara malikdilər. Məncə, onların qrupdan çıxmaq şansları var.

- "Sabah"dakı braziliyalı komanda yoldaşın Kristian da Silva ilə yığmalarınızın baş tutacaq qarşılaşmasını heç müzakirə etmisiniz?
- Bu günə kimi bu mövzuda söhbətimiz olmayıb. Lakin mənə yaxşı ideya verdiniz (gülür). Əminəm ki, bu məsələni müzakirə edəcəyik.

- Dünya çempionatında favoritiniz hansı komandadı?
- Dünya çempionatında bir çox güclü komanda var. Ancaq mən Braziliya və Fransanı daha çox fərqləndirərdim. Düşünürəm ki, finalda məhz bu iki komanda qarşılaşacaq. Fikrimcə, bu iki milli dünya çempionatının ən güclü yığmalarıdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest