Futbol üzrə Azərbaycan millisinin də üzvü olan Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının heyətində UEFA çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində İngiltərə təmsilçisi "çelsi"yə qarşı keçirdikləri səfər oyununu şərh edib. Matc.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları səfər matçından sonra UEFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:
 
"Bizim üçün çətin oyun oldu. Amma görüşə çox yaxşı başlamışdıq. Xüsusən də ilk hissənin ilk 15 dəqiqəsində yaxşı oynadıq. Lakin rəqibimiz böyük komandadır və biz bunu gözəl başa düşürük. Bəzi epizodlarda konsentrasiyanı itirirdik və nəticədə qapımızda qollar gördük. Rəqib ikinci hissəyə yaxşı start verdi. Bizim də qol şanlarımız oldu, amma yararlana bilmədik. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm.
 
Qrup oyunlarında nəyin çatışmadığını söyləmək çətindir. Səhvlərimizi təhlil etməliyik. Bunu təcrübə kimi qəbul edib, növbəti görüşləri düşünməliyik".
 
Forvard Zaqreb təmsilçisinin azarkeşləri haqqında da danışıb: "Daha əvvəl bir çox komandaya qarşı çıxış etmişəm, özüm də iki klubun formasını geyinmişəm. Amma "Dinamo" fanatları inanılmazdır. Onlar nəticədən asılı olmayaraq, sonadək yanımızdadırlar. Dəstəklərini hər zaman hiss edirik. "çelsi" ilə görüşdən sonra azarkeşlərə təşəkkürümüzü bildirmək üçün stadionda qaldıq. Tərəfdarlar üçün də asan səfər deyil. Bir daha onlara təşəkkür edirəm".
 
Emreli "çelsi" ilə matçın 70-ci dəqiqəsində meydana çıxıb. Komandası isə bu oyunda uduzmaqla qrupda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest