İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Real"ı üstələyən "Barselona" ilk finalçı olub. Matc.az saytının məlumatına görə, "Nou Kamp"dakı 1:1-dən sonra "Santyaqo Bernabeu"dakı "El Klasiko" 3:0 hesabı ilə qonaqların xeyrinə nəticələnib.

Qarşılaşmadan sonra əzəli rəqiblərin baş məşqçiləri və bəzi oyunçuları yerli mətbuata danışıb...

Santyaqo Solari ("Real"ın baş məşqçisi): "Qol vurmalı və finala çıxmalı idik. çox fürsət yaxalasaq da, onlardan yararlana bilmədik. Reqilon və Vinisius bu gün əla çıxış etdi. Vinisiusda yalnız topa qətiyyətli toxunuş çatmadı. Futbolda tez ayağa qalxmaq lazımdı. Bu gün necə oynamağımız bizim üçün önəmli deyil. Şənbə günkü matça köklənmək lazımdı".

Kasemiro ("Real"ın yarımmüdafiəçisi): "Ronaldo artıq bizimlə deyil, onun haqqında danışmağa ehtiyac yoxdu. Benzema ötən həftə dünyanın ən yaxşı "9 nömrəsi" idi. İndi adımız üçün "vuruşmalıyıq". Qol vura bilməsək də, çox iş gördük, mübarizə apardıq və kifayət qədər qol şansı əldə etdi. Ancaq sən qol vurmadığın zaman bunu rəqibin edəcək. Bu baxımdan təkcə Vinisiusu ön plana çıxarmaq yanlış olar. O, cəsarətli, qüsursuz idi və heç nədən qorxmurdu. Yaşına görə böyük oyun göstərir".

Ernesto Valverde ("Barselona"nın baş məşqçisi): "Birinci hissə heç də yaxşı alınmadı. Amma fasilədən sonra hər şey yüksək səviyyədə idi. İkinci hissədə oyun səviyyəmizi artırdıq və məqsədyönlü hərəkət etməyə başladıq. çünki 0:0 hesabına qane ola bilməzdik. "Real" "Nou Kamp"a gedəndə necə hazırlaşırsa, biz də "Santyaqo Bernabeu"ya gələrkən o cür motivasiya olunuruq. Biz onları, onlar da bizi tanıyırlar. Hədəfimiz mümkün olan bütün titulları qazanmaqdı. İnsanlarımız və tariximiz bizdən bunu tələb edir".

Xordi Alba ("Barselona"nın müdafiəçisi): "ölkə kubokuna hər zaman böyük əhəmiyyət veririk. "Real" finala çıxmağı bizdən az istəmirdi. Bu üzrdən həlledici matça vəsiqə qazanmaq üçün çox çalışmalı olduq. ölkə kubokunu ikinci səviyyəli turnir saymaq "Barselona"ya yaraşmaz".

Luis Suares ("Barselona"nın hücumçusu): "Bilirdik ki, qol vursaq, "Real" açıq oyuna keçəcək və belədə meydanda çox boşluq tapacağıq. Açıq oyun getdi. Top gah bu, gah da digər qapı qarşısında olurdu. Bu da bizim istədiyimiz kimi idi. İkinci qolda Varan topu öz qapısına göndərdi. Mən tənqid və tərifləri qəbul edərək yaşayıram. öz gücümə əminəm, məşqçilər korpusunun dəstəyini hiss edirəm və meydanda bütün gücümü ortaya qoyuram".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest