Fransanın sabiq prezidenti Fransua Olland azərbaycanlı iş adamı, "Hafka" ləqəbli Hafiz Məmmədovun "Lans"a rəhbərlik etdiyi dönəmdə bu klubun işlərinə müdaxilə etdiyini bildirib. Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Hazırda Liqa 1-də uğurlu mövsüm keçirən "Lans" 2014-cü ildə elitaya yüksəlsə də, cəmi bir il sonra yenidən Liqa 2-yə qayıtmaq məcburiyyətində qalmışdı. Bunda klubun azərbaycanlı sahibinin Lansın eyniadlı təmsilçisinə əlavə vəsait xərcləmək iqtidarında olmaması da rol oynamışdı. Bu üzdən klub iflas həddinə çatmışdı.

Məhz həmin vaxtda Fransa prezidenti klubun iflas olmaması üçün müdaxilə edib: "Lans"ın prezidenti Jerve Martel məndən bu məsələ ilə bağlı tədbir görməyi xahiş etdi. çünki klubun azərbaycanlı səhmdarı defolt həddində idi. O, "Lans"a olan borcunu ödəmirdi, buna görə də klub yox olmaq riski ilə üzləşmişdi. Klub çox çətin vəziyyətdə olduğu üçün müdaxilə etmək qərarına gəldim. Jerve Marteli prezident təyyarəsinə mindirmişdim, onu bəzi dairələrdə təqdim etmişdim, amma hesabatda çox da irəli getməmişdim. Azərbaycanlılara da dedim ki, öz ölkələrindən olan bir oliqarxla problem var. "Lans" müflis olsaydı, buna çox üzülərdim. Təəssüf ki, bu, diplomatiyanın bir hissəsidir. çünki futbol təkcə bir idman növü deyil, bunun başqa sənaye və ya iqtisadi sahədə də təsirləri var. Bu baxımdan mən Fransa üçün böyük maraq doğuracağını nəzərə alaraq, müəyyən müdaxilələr nəticəsində klubu xilas etməyə qərar verdim. Bu gün isə "Lans"ın hətta Liqa 1-də çempion olmaq şansı var".

"Lans" bu mövsüm Fransa çempionatında 15 turdan sonra 36 xalla ikinci pillədə qərarlaşıb. Bu komanda yalnız 41 xala malik PSJ-dən geri qalır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest