Avropa Liqasının final oyunu ilə əlaqədar "Bakı 2019: Ulduzlar finalı"na qatılacaq Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavinin müsahibəsi

- "Ulduzlar finalı"nda iştirakınızla bağlı nələri qeyd edərdiniz?

- Təklif bir həftə əvvəl gəldi. Tanışım mənə "Ulduzlar matçı"nda iştirak təklifinin olduğunu bildirdi və razılaşdım. çünki Bakı şəhəri, ümumilikdə, Azərbaycan barədə gözəl hisslərim var, orada yaxşı tanışlarım var. Əvvəllər də Bakıya gələrək onları görmüşəm. Martın 3-də səhər tezdən gələcəyəm və ertəsi günü də paytaxtınızda keçirəcəyəm. Daha sonra Rusiyaya geri qayıdacağam.

- Bakıya həm Rusiya yığmasının üzvü kimi, həm də şəxsi səfərləriniz olub. Həmin səfərləri necə xatırlayırsınız?

- Ən yaxşı xatirələrim qalıb. 10 il əvvələ təsadüf etmiş ilk səfərimdə Rusiya yığmasının üzvü kimi Azərbaycan millisinə qol vurmuşdum. Amma həmin matçda qalib gələ bilməmişdik. özü də nəticə elə də böyük əhəmiyyət kəsb etmirdi. Azərbaycana şəxsi səfərim də olub. Hətta Qəbələyə də getmişəm (gülür - E.M.). Gəzib-dolaşmaq xoş idi. Görürəm ki, Bakı inkişaf edir, müasir şəhərə çevrilir.

- Həmin vaxt Qəbələdə eyniadlı komandanın olduğunu və hətta bir dönəm həmyerliniz Yuri Syominin baş məşqçi kimi çalışdığını bilirdiniz?

- Əlbəttə, bilirdim. Həmin vaxt, səhv etmirəmsə, "Qəbələ"nin baş məşqçisi Toni Adams idi. Sonradan komandaya Yuri Syominin rəhbərlik etməsindən, keçmiş komanda yoldaşım Yuri Vernidubun oğlu Vitalinin də forma geyinməsindən xəbərdar idim.

- Elə o vaxtlar Azərbaycan klublarından təklif aldığınıza dair xəbərlər də yayılmışdı...

- Mənə heç vaxt Azərbaycan klublarından təklif gəlməyib.

- Karyeranızı Qazaxıstan "Kayrat"ında başa vurdunuz. Düşünmədiniz ki, başqa klublardan birində də oynayasınız?

- Xeyr, "Kayrat"dan sonra heç yerdə oynamaq fikrim olmadı. Sadəcə, evimə qayıtmaq istədim.

- Amma evinizə qayıtdıqdan sonra şəxsi problemlər ortaya çıxdı. Məhkəmə məsələləri Bakıya gəlişinizə mane olmayacaq?

- Xeyr.

- Bakıda özünüz kimi məşhur futbolçularla çıxış edəcəksiniz. Yenidən onlarla eyni meydanı bölüşməkdən hansı hissləri keçirəcəksiniz?

- Deko ilə oynamaq maraqlı olacaq. çünki onun "Barselona"dakı çıxışlarından zövq almışam. Nazim Süleymanovun da bu matçda olacağını gördükdən sonra "Zenit"in sabiq futbolçusu Vladislav Radimov onu xatırladı. Taras Burlak isə "Mən futbol oynamağa başlayanda Süleymanov karyerasını başa vururdu" dedi. Buna görə də Nazimlə birgə futbol oynamaq maraqlı olacaq.

- 2007-2008 mövsümündə "Zenit"də ikən Avropa Liqasının sələfi UEFA Kubokunun sahibi olmusunuz. Belə bir yarışın final matçının Bakıda təşkilini necə dəyərləndirirsiniz?

- İstənilən ölkə, istənilən şəhər üçün bu, böyük hadisədir. Mən də Azərbaycan, Bakı sakinləri adına şadam. "Zenit" yenə də Avropa Liqasında mübarizəni davam etdirir. Final matçının keçiriləcəyi mayın 29-da isə 38 yaşım tamamlanacaq. İstəyirəm və arzum budur ki, həmin gün "Zenit"in nümayəndə heyətinin tərkibində Bakıya qayıdım, sabiq komandam isə 11 ildən sonra yenidən finalda mübarizə aparsın.

- Siz Azərbaycan millisinə qarşı oyununuzu Tofiq Bəhramov adına Respublika stadionunda keçirmisiniz. Final matçı isə Bakı Olimpiya Stadionunda olacaq...

- Hələlik Bakı Olimpiya Stadionunu görməmişəm. Biz Bakıda oyun keçirdiyimiz vaxt bu arena yox idi. Amma "Bakı-2015" I Avropa Oyunları zamanı televiziyada stadionun görüntülərini izləmişəm və bu məkan məndə xoş təəssürat oyadıb.

- Azərbaycan futbolu barədə hansı məlumatlara maliksiniz?

- Açığı, çempionatınızdan az məlumatlıyam. Amma "Qarabağ" və "Qəbələ"nin avrokuboklardakı çıxışlarını izləmişəm. Bundan əlavə, Qazaxıstanda çıxış etdiyim vaxt Azərbaycandan Riçard Almeydanı "Astana"ya gətirmişdilər. Almeydanı güclü futbolçu kimi xatırlayıram. "Qarabağ" çempionlar Liqasının qrup mərhələsinə yüksəlməklə böyük hay-küy qopardı. Afərin!

- Qazaxıstanda "Qəbələ"ni Avropa Liqasının qrup mərhələsinə iki dəfə yüksəldən Roman Qriqorçuk da çalışır...

- Bəli. Amma o, mən Qazaxıstanda olduğum vaxt "Astana"da çox az müddətdə qaldı.

- "Zenit"i Avropa Liqasının finalında görmək istədiyini dediniz. Digər finalçı kimi favoritiniz kimdir?

- Hazırda mübarizəni davam etdirənlər arasında favorit sayıla biləcək bir neçə komanda var. Bu baxımdan, "Arsenal" və "çelsi"ni qeyd edərdim. "Zenit" finala yüksəlsə, kiminlə oynayacağı fərq etməz. Aydındır ki, finalda zəif komanda olmayacaq.

- Finalda keçmiş komandalarınız "Zenit" və "Arsenal" oynasa necə?

- Bu artıq mükəmməl olar! Report.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest