"Sözsüz ki, "Zenit"i finalda görmək istəyirəm. Komanda hələ mübarizəni davam etdirir. Digər rəqibin kimliyi fərq eləmir. Çünki finaldasansa və kuboku qazanmaq istəyirsənsə, istənilən rəqibə qalib gəlməlisən"

"Bakıya martın 3-də gecə gəldim. Səhər isə Avropa Liqasının finalına həsr olunan oyun keçirildi". Matc.az saytı xəbər verir ki, bu sözləri Rusiya millisinin sabiq hücumçusu Andrey Arşavin deyib.

Hazırda "Zenit" klubunun akademiyasında fəaliyyət göstərən veteran futbolçu "Ulduzlar finalı"nda iştirak üçün Bakıya səfər edib. Arşavin AFFA-nın bu gün baş tutan Hesabat Konfransından sonra jurnalistlərin suallarını cavablandırıb: "Oyun günü axşam İçərişəhəri gəzdik, şam etdik. Bu gün isə AFFA-nın Konfransına qatılmışıq. Axşam digər futbolçularla birlikdə "Grassroots" layihəsində iştirak edib, ardınca səfəri başa vuraraq, evimizə qayıdacağıq".

Arşavin Avropa Liqasının mayın 29-da keçiriləcək finalı barədə istəyini də açıqlayıb: "Sözsüz ki, "Zenit"i finalda görmək istəyirəm. Komanda hələ mübarizəni davam etdirir. Digər rəqibin kimliyi fərq eləmir. çünki finaldasansa və kuboku qazanmaq istəyirsənsə, istənilən rəqibə qalib gəlməlisən. "Arsenal" – "Zenit" matçı mənim üçün ideal final olar. Təbii ki, "Zenit"in iddiaları böyükdü, çempionlar Liqasında oynamaq, uğur qazanmaq istəyir. İndi elə alınıb ki, Avropa Liqasında oynayır və burda qələbə qazanmağa çalışır".

Rusiyalı veteran ölkəmizə səfərləri müqayisə edib və bir müddət öncə klublarımızdan birinə transferi barədə yayılan şayiələrə münasibət bildirib: "Bunadək iki dəfə Bakıda olmuşam. Birinci dəfə futbolçu kimi millilərin oyununda iştirak etmişəm, ikincidə şəxsi səfərə gəlmişəm. Budəfəki səfər işgüzar xarakter daşıyır. "Ulduzlar finalı"na gəlincə, belə matç uşaqların televizorda gördükləri dünya ulduzlarını canlı izləmək imkanı yaradır. Daha çox əyləncə xarakteri daşıyır. Mən özüm oyun zamanı bir epizodda başımın üzərindən qapıya zərbə vurmaq istədim. Amma alınmadı. Hardasa oxumuşam ki, futbolçu olduğum vaxt kimlərsə məni Azərbaycana dəvət edib. Amma bu həqiqət deyil".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest