"Qarabağ"ın futbolçusu Kadi Borqesin "Krasnodar"a transferi həll olunub. Matc.az saytının əldə etdiyi məlumata görə, klublar arasında danışıqlar müsbət yekunlaşıb.

Hazırda yalnız xırda detalların müzakirəsi qalıb. Bu da həllini tapdıqdan sonra rəsmi müqavilə imzalanacaq. Braziliyalı yarımmüdafiəçinin yaxın günlərdə Rusiyaya yollanaraq, yeni komandası ilə münasibətləri rəsmiləşdirməsi gözlənilir.

Kadi ötən ilin yayından xarici klubların maraq dairəsində olub. Cari mövsümün əvvəlində İsrail klubu "Hapoel" (Beer-Şeva) və Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Feyxa" Azərbaycan çempionuna rəsmi təklif göndərsə də, danışıqlar mənfi nəticələnmişdi.

27 yaşlı oyunçu Səudiyyə Ərəbistanı təmsilçisi ilə anlaşsaydı, bu ölkənin digər komandası "Əl-Nəsr"ə yenicə keçən portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldoya rəqib ola bilərdi.

Qeyd edək ki, Kadi Borqes bu mövsüm "Qarabağ"ın heyətində keçirdiyi bütün turnirlərdə 31 oyuna çıxıb, 8 qol, 11 assistlə yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest