"Ankaragücü"nün futbolçusu Xese Rodriges Azərbaycanda daha bir klubun maraq dairəsinə düşüb. Matc.az saytı Portuqaliya mətbuatına istinadən xəbər verir ki, ispaniyalı "Qarabağ"ın da gündəmindədir.
 
Türkiyə klubundan ayrılmaq fikrində olan 29 yaşlı hücumçunun iki komandadan birinə keçmək ehtimalının yüksək olduğu iddia olunub ki, bunlardan biri "Qarabağ", digəri isə İspaniya "Elçe"sidi.
 
 "Ankaragücü"dən ayrılacağı barədə xəbərlərə münasibət bildirən futbolçu Super Liqa təmsilçisində xoşbəxt olduğunu vurğulayıb:
 
"Burada özümü çox yaxşı hiss edirəm. Mən çox xoşbəxtəm. çünki çox yaxşı nəticələrim var. Burada yaxşı bir mövsüm keçirmək istəyirəm. Sonrasına isə baxacağıq".
 
İspaniya mətbuatı isə onun bu sözlərinə rəğmən, klubunu dəyişməyə hazırlaşdığını iddia edir. Yeni macəra axtarışında olan futbolçunun yeni ünvanının isə Azərbaycan olacağı qeyd olunur.
 
Xese "Ankaragücü"nün heyətində meydana çıxdığı 16 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.
 
Qeyd edək ki, Rodrigesin "Sabah"ın maraq dairəsində olduğu bildirilsə də, Bakı klubu bunu təkzib edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest