05 Mart 2019, 10:07
DİGƏR
"Həmin vaxt mənim yalnız 1 yetirməm vardı. Bu da Valentin Xristov idi. 5 il ərzində bu uşağı öz oğlum kimi hazırladım. Azərbaycandan təklif gəldikdə, 3 dəfə imtina etdim"
Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin bolqarıstanlı sabiq baş məşqçisi Zlatan Vanev ölkəmizdəki günlərini xatırlayıb. Matc.az xəbər verir ki, 2011-2015-ci illərdə yığmamızı çalışdırmış dünya çempionu komandamıza məcburiyyətdən gəldiyini açıqlayıb.
O bildirib ki, idmançı karyerasını bitirdikdən sonra Bolqarıstanda ağır atletika çox ağır dövrünü yaşayırdı: "Böyük problemlər vardı. Demək olar ki, federasiya mövcud deyildi. Həmin vaxt mənim yalnız 1 yetirməm vardı. Bu da Valentin Xristov idi. 5 il ərzində bu uşağı öz oğlum kimi hazırladım. Azərbaycandan təklif gəldikdə, 3 dəfə imtina etdim. Səbəb də bu idi ki, hazır yetirməm var. Onunla Bolqarıstanda çalışmaq istəyirdim. Lakin bu alınmadı".
Vanev qeyd edib ki, ardınca özü Azərbaycan Ağır Atletika Federasiyasına məktub yazıb: "Bildirdim ki, ora məşqçi getsəm yetirməmi də gətirməliyəm. Ona görə məsuliyyət daşıyırdım və atıb gedə bilməzdim. Heç kim Bolqarıstanda belə bir idmançının olduğunu bilmirdi. Azərbaycanda mənə dedilər ki, bir ay vaxt verməyə hazırdırlar. Bu müddətdə yetirməmin güclü idmançı olduğunu sübuta yetirsəm, onu heyətə qatmaq üçün hər şey edəcəklər. Mən də Azərbaycana onunla birgə getdim. Onu orda çox sevirdilər. Valentin Xristov mənimlə birlikdə Azərbaycanda qaldı. Ardınca da Boyanka Kostova şəxsi məşqçisi Laçezar Kişkilovla birgə gəldi. 2011-ci il mayın 25-də Bolqarıstan Ağır Atletika Federasiyası Xristovun keçidinə icazə verdi".
Millimizin sabiq baş məşqçisinin sözlərinə görə, federasiya Azərbaycandan aldığı məbləğdən onlara da müəyyən hissə təklif edib: "Onlar 2 idmançı üçün ümumilikdə 4 min avro aldılar. Bunun sayəsində özlərinə lazım olan ləvazimatlarla təmin olundular. Bunda mənimlə Kişkilovun da payı var. Bəlkə də mən Azərbaycan millisinin rekordçularından biriyəm. çünki bu postda 4 il 3 ay qaldım".
Yığmamızdan dopinq qalmaqalına görə ayrılan Vanev ölkəsinin mətbuatına verdiyi müsahibəsində bunu başqa amillə əlaqələndirib: "18 il idmançı kimi millinin üzvü olmuşam. Vaxtım demək olar ki, daim toplanışlarda keçib. Amma mənim də ailəm var. Uşaqlara yoldaşım tək baxırdı. Bu səbəbdən də vətənə qayıtmaq istədim". ONA.az