"Bəlkə də ən vacib 3 xalımızı qazandıq. Komanda bu gün tam istədiyimiz kimi hazır deyil. Antalyada 21 günlük hazırlıqdan sonra birbaşa bura gəlmişdik. Futbolçularda bir az yorğunluq var idi. Bu üzdən mənim də narahatlığım vardı. Ayxan Abbasovu təbrik etmək istəyirəm. çox yaxşı komanda formalaşdırıb, yaxşı hazırlıq keçiblər". Matc.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Misli Premyer Liqasının XIX turunun "Turan Tovuz"la səfər oyununu şərh edən Qurbanov "CBC Sport"a açıqlamasında komandasının çıxışından razı qaldığını bildirib: "çox gərgin oyunda vacib 3 xal qazandılar. Komandanı daha yaxşı səviyyəyə gətirmək üçün qarşıdakı oyunlara daha düzgün, proqram üzrə hazırlaşmağa çalışacağıq".

Qurbanov "Turan Tovuz"un hesabı bərabərləşdirdiyi epizoddan sonra hakimlərə etirazının səbəbini də açıqlayıb: "Səhv etmirəmsə, Leandro Andradenin epizoduna görə etiraz etdim. Cərimə zərbəsi vermək olardı, amma hakimlər fərqli qərar qəbul etdilər. Ondan əvvəl də bir neçə epizod var idi. Bizim tərəfimizdən də, rəqib tərəfindən də narazı qaldığımız məqamlar ola bilər. Amma bu, oyundakı gərginlikdən doğan emosiyalar idi. Futbolçular nə qədər gərgin idisə, biz də bir o qədər gərgin idik. Bəzən adi epizodlara görə oyun dayanırdı. Lakin bunlar oyunun tərkib hissələrindən biridir."

Baş məşqçi "Luka Quqeşaşvilinin bugünkü çıxışından razı qaldınızmı" sualına isə belə cavab verib: "Mən bu gün bütövlükdə komandamın çıxışından razı qaldım. Komanda hələ optimal formasından uzaqdır. Bu üzdən də bizim əsas hədəfimiz əlimizdə olan oyunçuların ustalıq səviyyəsini artırmağa nail olmaqdır".

Qeyd edək ki, "Qarabağ" Tovuzda 3:2 hesablı qələbə qazanıb. Ağdam təmsilçisi növbəti turda öz meydanında "Şamaxı", "Turan Tovuz" isə Sumqayıtda eyniadlı komanda ilə qarşılaşacaq.

Baş məşqçi Almaniyanın "Bayer" klubunda çıxış edən rusiyalı qapıçı Andrey Lunyovla danışıq aparıldığını təsdiqləyib: "Hazırda onunla danışıqlar gedir. Ancaq real bir şey yoxdur".
 

XƏYAL

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest