"Fasilədən sonra ilk oyun idi. Hər iki komandanın oyunçuları üçün fasilədən sonra başlamaq çətindir. İlk yarıda bunu hiss edirdik. Gözlənilməz qol buraxdıq". Matc.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Misli Premyer Liqasının XIX turunda "Sumqayıt"ı məğlub edən "Zirə"nin çalışdırıcısı bildirib ki, erkən qol buraxmalarına baxmayaraq, komandası oyundan qopmadı: "Böyük əzmkarlıq göstərib, bizim üçün vacib üç xal qazandıq. Görəcək işimiz çoxdur. Hamımız bunu başa düşürük. Futbolçularımı təbrik edirəm. Növbəti oyuna köklənməliyik. Toplanışdan əvvəl də, oyunlarda müəyyən problemlər olurdu. İçimizdə bunu bilirik və üzərində işləyirik. İlk yarıda xüsusi narazı salan məqam yox idi. Hücumda daha kəsərli oynaya bilərdik. Amma bəzi anlarda futbolçular kəsərli ötürmələrə az üstünlük verirdi. İkinci yarıda daha yüksək motivasiya ilə oynadıq, daha böyük qüvvə ilə hücum etdik". 

Sadıqov Nemanya Andelkoviçilə nəyə görə vidalaşdıqlarının səbəbini də açıqlayıb: "özümə uyğun tələblərim, xasiyyətim var. Müəyyən şeylər var ki, onlar olmamalıdır. Onlar olanda böyük uğurlardan danışa bilmərik. Andelkoviçlə danışdıq, mövqeyimizi bildirdik, normal şəkildə yollarımızı ayırdıq. Detallara getmək istəmirəm. Xarakterindən də razı olmuşam. Müəyyən detallarda anlaşa bilmədik. Bu tip qərarlar məndə tez-tez olacaq. Futbolçu qarşısına böyük hədəf qoymalıdır. Olmayacaqsa, hər oyunda ürəyini qoymayacaqsa, nəticələri düşünməyəcəksə, yollarımızı ayıracaq".

XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest