UEFA Millətlər Liqası, eləcə də Avropa və dünya çempionatlarının seçmə mərhələlərinin formatını dəyişib. Matc.az xəbər verir ki, bununla bağlı qərar qurumun İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasında qəbul olunub.
 
2024-cü ildən tədbiq ediləcək yeniliyə əsasən, Millətlər Liqasında "Dördlər finalı"ndan öncə pley-off oyunları keçiriləcək. A Liqasında qrup birinciləri ilə ikinci yeri tutan komandalar, ev və səfərdə olmaqla, 1/4 final matçları keçirəcəklər və qaliblər "Dördlər finalı"na vəsiqə əldə edəcəklər.
 
Bundan başqa, A Liqasında üçüncü yeri tutanlar B Liqasının ikinciləri, B Liqasında üçüncü olanlar isə C Liqasının ikinciləri ilə aşağı diviziona düşməmək və ya əksinə, yuxarı liqaya qalxmaq uğrunda pley-off matçları oynayacaqlar.
 
Seçmə mərhələlərdə isə qrupların sayı artırılacaq. ölkələr hərəsində 4 və ya 5 komanda olmaqla 12 qrupa bölünəcək. Qrup qalibləri Avropa və ya dünya çempionatlarına birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan yığmalar isə nüfuzlu turnirlərə ya birbaşa, ya da pley-off matçlarından sonra yollanmaq hüququ qazanacaqlar.
 
UEFA 2024-cü ildə keçiriləcək Avropa çempionatında isə komanda sayının artırılmayacağını açıqlayıb. Yeni format 2024-cü ildən sonra tətbiq olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest