Qazaxıstanın paytaxtı Astanada şahmat üzrə komandalararası dünya çempionatı davam edir. Matc.az saytının məlumatına görə, bu gün mötəbər yarışda III turun görüşləri keçirilib.
İlk iki turda çinə və İngiltərəyə uduzan yığmamızın növbəti rəqibi meydan sahibləri Qazaxıstan millisi olub. Rauf Məmmədovun məğlubiyyətinin fonunda Nicat Abbasov rəqibini üstələyib. Arkadi Naydiçlə Qədir Hüseynov isə sülhlə razılaşıb. Nəticədə yığmamız Qazaxıstanla heç-heçə edib.
Qeyd edək ki, millimizin liderləri Teymur Rəcəbovla Şəhriar Məmmədyarovun yoxluğunda ölkəmizi çempionatda Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov təmsil edir.
Dünya çempionatı, III tur
Qazaxıstan – Azərbaycan - 2:2
Rinat Cumbayev - Arkadi Naydiç - 0,5:0,5
Ənvər İsmaqambetov - Rauf Məmmədov - 1:0
Murtaz Kajqaleyev - Qədir Hüseynov - 0,5:0,5
Pyotr Kostenko - Nicat Abbasov - 0:1