İngiltərənin "Sauthemtpon" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın "Renn" klubundan yarımmüdafiəçi Kamaldin Sulemananı, Belçika "Genk"indən isə hücumçu Pol Onuaçunu transfer edib.
 
İngilislər Sulemana üçün "Renn"ə 25 milyon avro ödəyiblər ki, bu da klub rekordu kimi tarixə düşüb. Onuaçuya görə isə 18 milyon avro ödənilib. Sulemana ilə müqavilə 2027-ci, Onuaçu ilə sözləşmə isə 2026-cı ilin 30 iyununa kimi nəzərdə tutulub.
 
Qanadan olan Sulemana peşəkar karyerasına Danimarkanın "Nordsyelland" komandasında başlayıb. O, 2021-ci ildə məhz bu klubdan 17 milyon avro qarşılığında "Renn"ə transfer olunmuşdu. 20 yaşlı vinger Liqa 1 təmsilçisində meydana çıxdığı 47 oyuna 6 qol vurub. O, Qana yığmasında da 15 oyun keçirib.
 
Onuaçu da peşəkar karyerasına "Midtyulland"da başlayıb. İcarə əsasında "Vayle"də də forma geyinmiş 28 yaşlı forvard, 2019-cu ildən "Genk"in uğurları üçün çalışırdı. Nigeriyalı hücumçu Belçika təmsilçisində 134 oyun keçirib, 85 qol vurub, milli komandada da 16 oyuna 3 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest