"Qarabağ"ın yeni transferi Redon Cica ölkəsi Albaniyada "Sport Magazine" proqramının suallarını cavablandırıb. Matc.az xəbər verir ki, 25 yaşlı hücumçu müsahibə zamanı bir çox məsələlərə toxunub:
 
"Qarabağ"da debüt haqda: "Şamaxı" ilə 20-ci tur matçının son 25 dəqiqəsində debüt etmək çox xoş idi. Artıq kollektivə uyğunlaşmışam, komanda yoldaşlarımla bir-birimizi yaxşı başa düşürük. Düşünürdüm ki, futbolçulara yaxınlaşmaq çətin olacaq. Ancaq hamı məni çox yaxşı qarşıladı".
 
Məşq bazası ilə evi haqda: "Yaşadığım evdən məşq meydançasına maşınla təxminən 20 dəqiqəlik yoldur. Məşqdən sonra evə qayıdıram. İlk həftədə təlim marşrutunu tapmaq üçün GPS-dən istifadə edirdim".
 
Ansi Aqolli haqda: "O, burada əfsanə idi, təkcə futbolçu deyil. Onu çox sevirdilər. ümid edirəm ki, bir gün məni də Aqollini sevdikləri qədər sevəcəklər".
 
Baş məşqçi ilə ilk söhbət haqda: "İlk gün mənə dedi: "Səni izlədik və sənə inandıq, bacarıqlarını bəyənirik". O, mənə etibar edir. "Şamaxı" ilə görüşdə də iştirak etdiyim üçün məni təbrik etdi".
 
"Qarabağ"dakı maaşı haqda: "Bilirəm ki, biz albanlar hər şeylə maraqlanırıq. Amma bizdə bir ifadə var ki, maaşımızı və sevgilimizi göstərmirik. Bura pul üçün gəlməmişəm. Bu transferi daha yaxşı komandaya keçmək üçün yaxşı fürsət kimi görürəm".
 
Qeyd edək ki, "Qarabağ" Redon Cicanı "Tirana"dan transfer edib. Forvard ağdamlılarla 2026-cı ilin yayınadək müqavilə imzalayıb.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest