Milli Gimnastika Arenasında keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunun hazırlığı davam edir. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, martın 14-17-də baş tutacaq yarışla bağlı təlim-məşq toplanışı reallaşıb.

Belə ki, Dünya Kubokunun Təşkilat Komitəsi toplanışı turnir formatında test edərək, bölmələr üzrə hazırlıq prosesini dəyərləndirib. Həmçinin təmsilçilərimiz Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və Marina Nekrasova öz proqramlarını tam şəkildə icra ediblər.

Kubokda gimnastlarımızdan M.Ağarzayevlə N.Simonov 3 alətdə çıxış edəcəklər. İ.Tixonov və xanım təmsilçimiz isə bütün alətlərdə medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Dünya Kuboku Tokio-2020-ə lisenziya xarakteri daşıyır. İlk dəfə idman gimnastları bu yarışda birbaşa Olimpiyada xallar toplayacaqlar. Təsnifat xarakterli Kuboklar seriyasının ilk turniri ötən ilin noyabrında Almaniyanın Kotbus şəhərində 50 ölkənin iştirakı ilə start götürüb. Bu ilin fevral ayında isə 32 ölkədən idman gimnastları Melburnda (Avstraliya) baş tutan Dünya Kubokunda çıxış ediblər.

Paytaxtımızın ev sahibliyi edəcəyi sayca 3-cü təsnifat yarışında isə 41 ölkənin təmsilçiləri mübarizə aparacaqlar və onlar arasında bir çox Olimpiya mükafatçıları, dünya və Avropa medalçılarını görə biləcəyik. 4 gün davam edəcək bu kubokdan bir neçə gün sonra isə gimnastlar 2019-cu ilin sonuncu Olimpiya təsnifatı yarışında iştirak etmək üçün Dohaya (Qətər) yola düşəcəklər.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest