"İlk qolu, demək olar ki, özümüz öz qapımızdan keçirdik. Rəqibə qol vəziyyəti yaratmaq şansı vermədik. Qol buraxdığımız epizodda axmaq səhv alındı". Matc.az saytı xəbər verir ki, bunu "Neftçi"nin müdafiəçisi Kiril Petrov deyib.

Topaz Premyer Liqasının XX turunda "Sumqayıt"ın qonağı olan "ağ-qaralar" əzmkar qələbə qazanıb - 2:1. Oyundan sonra mətbuat nümayəndələrinə fikirlərini bölüşən Petrov layiqli qələbə qazandıqlarını bildirib: "Sumqayıt" bizə qarşı heç nə edə bilmədi. Bu gün sona qədər mübarizə apardıq və layiqli qələbə qazandıq. Hətta 70-ci dəqiqədə hesabda geridə olarkən belə, qələbə qazanacağımıza əmin idim. Havanın küləkli olması isə rəqib kimi, bizə də təsir etdi".

Ukraynalı müdafiəçi turnir cədvəlində yenidən vahid liderliyi ələ keçirmələrinin həlledici olmadığını vurğulayıb: "Turnir cədvəlinə hələ baxmağa ehtiyac yoxdu. Hər oyun bizim üçün həlledicidi. Gələn tura da final gözü ilə baxırıq. "Neftçi" uzun müddətdi çempion ola bilmir. "Qarabağ" 5 ildi çempionluğu heç kimə vermir. Bizim məqsədimiz buna son qoymaqdı".

Qarşılaşmanın 77-ci dəqiqəsində "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov məhz Petrovla insidentə görə qırmızı vərəqə almışdı. 29 yaşlı oyunçu həmin epizodu belə şərh edib: "Mən həmin epizodda topa vurmaq istədim. O isə mənə qarşı kobudluq etdi. Orda hansısa simulyasiya yox idi. Ukraynada bizə belə öyrətməyiblər. Həmin anda bizi yalnız qol vurmaq maraqlandırırdı".

Petrov bugünkü qarşılaşmada "Neftçi"nin hər iki qolunu müdafiəçilərin vurmasına da münasibət bildirib: "Meydanda hamımız birik. Qolu qapıçı və ya meydan oyunçusunun vurmasının elə bir fərqi yoxdu. Qalib gələndə hamımız sevinir, məğlub olanda isə üzülürük. Mbodj, demək olar ki, həm öz qapımıza, həm də rəqib qapısına qol vurdu. Bu gün səhvini yudu".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest