"çətin oyun keçəcəyini bilirdik. çünki "Neftçi"yə qarşı çıxış edirdik. Rəqib lider olsa da, onlarla başabaş mübarizə apardıq, yaxşı futbol göstərdik. çünki bu görüş uğursuzluq zolağından çıxmaq üçün bizə bəlkə onlardan da vacib idi. 1:0 hesabı ilə öndə olmağımıza baxmayaraq, sonda məğlub olduq. çox məyusuq. Əsas odu ki, "sınmayaq".

Matc.az saytının məlumatına görə, bunu "Sumqayıt"ın yarımmüdafiəçisi Əfran İsmayılov Topaz Premyer Liqasının XX turunda "Neftçi" ilə qarşılaşmadan (1:2) sonra deyib. 31 yaşlı futbolçu oyunsonrası brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Epizodların birində Ehtiram Şahverdiyevə qarşı hərəkətin penalti olduğunu iddia edirdiniz...

- Açığı, həmin epizodu mən görmədim. Ehtiramdan soruşdum, dedi ki, ona qarşı kobudluq edilmişdi, penalti var idi. Təkrarına baxsaq, daha yaxşı görünər. Həmçinin qapıçımız da qırmızı vərəqə aldı. Hansı qərarın doğru, hansının yanlış olduğunu təkrara baxdıqdan sonra biləcəyik. ümumiyyətlə, hakim oyunu itirmişdi. Həm dördüncü hakim, həm də baş hakim cavan idi. Aləm dəymişdi bir-birinə.

- Sona 8 tur qalıb və turnir cədvəlinin axırıncı pilləsində qərarlaşmısınız. Ordan qurtula biləcəksinizmi?

- Hələ də yuxarılara yüksəlmək şansımız var. üstəlik, ölkə kubokunda yarımfinaldayıq. Bu psixoloji durumdan çıxmasaq, heç cür özümüzə gələ bilməyəcəyik. Psixoloji cəhətdən "sınmaq" olmaz. Bu gün də yaxşı çıxış etdik. Bu oyunu davam etdirmək və bir az da "artırmaq" lazımdı. Bir qələbə hər şeyi dəyişəcəkdi. Son dəqiqələrdə buraxılan qollar oyunun taleyini həll etdi.

- Yenidən milliyə dəvət gözləyirsinizmi?

- çağırsalar, gedəcəyik, çağırmasalar da heç bir problem olmaz. Bu barədə çox fikirləşmirəm.

- Bəs özünüzü milliyə hazır sayırsınız?

- Əlbəttə. Klubumda oynayıram və yığmaya hazıram. Baş məşqçi də bilir ki, əsas heyətdə oynayanlar formada olur. O da oynayanları çağırmaq istəyir. Millidə çox olmuşam. Bilirəm ki, bütün məşqçilər seçim zamanı buna üstünlük verirlər. Baş məşqçim deyir ki, fiziki durumum da qaydasındadı. Bu amilləri nəzərə alsaq, bəli, hazıram.

- Karyeranızda ilk dəfədi ki, sonuncu pillədə qərarlaşan komandada çıxış edirsiniz. "Neftçi" və ya "Qəbələ"yə keçəcəyinizi gözlədiyimiz vaxt "Sumqayıt"la üz tutdunuz. Yay fasiləsində klubunuzu dəyişmək haqda düşünürsünüzmü?

- Açığı, Türkiyəyə getməli idim. Belə bir variant var idi. Amma klub prezidenti ilə görüşdükdən sonra fikirlərimiz üst-üstə düşdü və bura gəldim. Ciddi bir şey yoxdu. Hər bir futbolçunun karyerasında belə dövr olur. Hələ də heç nə bitməyib. Kubokda bəlkə daha da irəlilədik. Əlimizi yanımıza salmamışıq. Baş məşqçimiz iddialı mütəxəssisdi. çalışır ki, "sınmayaq". ölkə kubokunda finala yüksəlsək, o da bizim üçün böyük nəticə olar. Əsas odu ki, mübarizəmizi davam etdirək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest