Azərbaycan millisi sabah 2019-cu ildə ilk sınağına çıxacaq. Matç.az saytı xəbər verir ki, AVRO-2020-nin startında Xorvatiya ilə keçiriləcək oyun Azərbaycan millisinin tarixində 247-ci görüş olacaq.

İlk rəsmi görüşünü 1992-ci il sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirən millimiz indiyədək 246 oyuna çıxıb.

Yığmamız 27 ildə 48 qələbə qazanıb. Hesabında 67 heç-heçə olan milli 131 dəfə azarkeşlərini məyus edib. Futbolçularımız bu görüşlərdə 184 qol vurub, əvəzində 412-ni buraxıb.

Qarşıdakı matç komandamızın rəsmi yarışlarda 125-ci sınağıdı. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri, həmçinin Millətlər Liqasında ümumilikdə 124 görüş baş tutub. Cəmi 15 qələbəsi olan yığma 26 dəfə bərabərliklə kifayətlənib və 83 dəfə uduzub. 72 qol vuran futbolçularımız 257-ni buraxıb.

Avropa çempionatlarında 7-ci seçmə mərhələyə başlayacaq Azərbaycan 61-ci matçına çıxacaq. 6 qələbə və 9 heç-heçəsi olan komandamız 45 dəfə uduzub. Bu görüşlərdə milli 36 qol vurubsa, 147-ni buraxıb.

Bu görüş komandanın baş məşqçisi Nikola Yurçeviç üçün debütlə əlamətdar olacaq. O, millini oyuna çıxaran 16-cı mütəxəssis kimi tarixə düşəcək.

Yurçeviç bu siyahıda ikinci xorvatiyalıdı. Onadək Robert Prosineçki də yığmada çalışıb. Legioner baş məşqçilərin sayı isə 5-ə çatacaq. İki xorvatiyalıdan başqa braziliyalı Karlos Alberto Torres, almaniyalı Berti Foqts və makedoniyalı Qyoko Hacıyevski komandaya rəhbərlik edib.

Millimiz səfərdə 123-cü oyununu keçirəcək. Əvvəlki 122 qarşılaşmada 13 qələbəsi olan komandamız 26 dəfə heç-heçə edib. 83 dəfə rəqib meydanında uduzan yığmamız 70 qol vurub, 272-ni buraxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest