"Güclü Rusiya yığmasına qarşı oynadıq. Rəqibimiz turnirin ən yaxşı komandalarındandı. Bizim üçün çətinlik yaradan amillərdən biri də heyətimizdə zədəli futbolçuların olmasıdı. Bu görüşü unudub, İrlandiya ilə qarşılaşmaya hazırlaşacağıq". Matc.az saytı xəbər verir ki, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd deyib.

Avropa çempionatının elit-raund mərhələsində bu gün Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan U-19 qolsuz bərabərə qalıb.

Oyunla bağlı AFFA-nın rəsmi saytına danışan çalışdırıcı heç-heçəni uğurlu nəticə hesab edib: "Rusiya ilə onun meydanında oynadığımızı nəzərə alsaq, qolsuz heç-heçəni qələbəyə bərabər hesab etmək olar. Amma oyun ərzində qol vurmaq üçün imkanlarımız oldu. Təəssüf ki, realizə edə bilmədik. Xüsusilə də, ikinci hissədə rəqibimizdən üstün olduq. Komandama nümayiş etdirdiyi oyuna görə təşəkkür edirəm. Onlar bu gün meydanda xarakter göstərdilər. Fürsətdən istifadə edib sabah Aç-2020-nin seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu keçirəcək milli komandamıza uğurlar arzulayırıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest