"Azərbaycan yığmasının ən yaxşı futbolçusu Riçard Almeydadı. O, mənimlə birlikdə "Qarabağ"da çıxış edir. Orta sahədə əla oyun göstərir, topa nəzarətdə çox yaxşıdı. Yerli oyunçular onun ətrafında oynayır. Ramil Şeydayev? Onu elə də yaxşı tanımıram. Ona görə də barəsində nəsə deyə bilmərəm".

Matc.az saytı xəbər verir ki, bunu Xorvatiyanın 24sata.hr saytına müsahibəsində "Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç deyib. 2016-cı ildən ölkəmizdə çıxış edən futbolçu sabah baş tutacaq Xorvatiya - Azərbaycan oyunu barədə fikirlərini bölüşüb. Ozobiç ilk olaraq, həmyerlilərinin favorit olduğunu söyləyib.

- Hamı bilir ki, Xorvatiya favoritdi. Belə bir rəqiblə oynamaq özü əladı. Komanda yoldaşlarımla bu oyun barədə bir az söhbət etmişik. Xüsusi nəsə deməmişəm. Hər kəs rəqib oyunçularının fərdi baxımdan potensialına bələddi. Bu üzdən məndən ətraflı məlumat da istəmədilər.

- Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviç və onun köməkçisi Mario Tokiçlə görüşmüsünüzmü?

- Azərbaycana gəldikləri zaman onlarla görüşdüm. Ancaq çox danışmaq imkanımız olmadı. Amma seçmə mərhələ oyunlarından sonra görüşmək və geniş məsləhətləşmələr aparmaq barədə razılaşmışıq.

- Azərbaycan yığmasının formasını geyinmək variantınız var?

- Burda üçüncü ilimi keçirirəm. Bu barədə danışmaq üçün hələ tezdi. Yerli vətəndaşlıq almaqdan ötrü 5 il burda yaşamalıyam. Nələrin olacağını gələcəkdə görəcəyik.

- Karyeranız ərzində bir çox xorvatiyalı futbolçu ilə çıxış etmisiniz. Son günlər onlardan kimsə sizdən Azərbaycan haqda nəsə soruşubmu?

- Bəli, çox sayda xorvatiyalı futbolçu ilə əlaqəm var. Onların çoxu ilə U-21 yığmasında birlikdə çıxış etmişəm. Ancaq son bir neçə gündə məndən heç kim nəsə soruşmayıb. Buna görə də Azərbaycan barədə nə düşündüklərini bilmirəm.

- Azərbaycan millisinin üstün və zəif cəhətləri hansılardı?

- Bu barədə nəsə demək çətindi. Komandanın yeni baş məşqçisi var. Yurçeviçdən əvvəl komandanı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov çalışdırırdı. Hər məşqçinin öz oyun üslubu olur. Azərbaycanın necə oynayacağını görəcəyik.

- Azərbaycan yığmasının oyunçularını yaxşı tanıyırsınız. Dünya çempionatında Xorvatiyaya azarkeşlik edən var idi?

- (gülür) Məncə, onların çoxu mundialda Xorvatiyaya azarkeşlik edirdi. Hamı bizə rəğbət bəsləyirdi. Yalnız Rusiya ilə matçda dünya çempionatının ev sahibinin dəstəkçiləri çox idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest