Azərbaycanın tanınmış qrossmeysteri, Avropa çempionu mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə ənənəvi "ShamkirChess 2019" beynəlxalq superturnirinin iştirakçıları dəqiqləşib. Yarışın Təşkilat Komitəsindən matc.az saytına verilən məlumata görə, XXI kateqoriyalı turnirdə bu dəfə də FİDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparacaq.
Belə ki, Vüqar Həşimov Memorialına hazırkı dünya çempionu, "ShamkirChess" turnirinin üçqat qalibi, FİDE reytinqində ilk pillədə qərarlaşan norveçli Maqnus Karlsen, çinli Dinq Liren, hollandiyalı Aniş Giri, hindistanlı sabiq dünya çempionu Vişvanatan Anand, rusiyalılar Aleksandr Qrişukla Sergey Karyakin, FİDE versiyası üzrə bolqarıstanlı dünya çempionu Veselin Topalov və çexiyalı David Navara (2739) qatılacaqlar.
Azərbaycanı superturnirinin ikiqat qalibi, üçqat Avropa çempionu, rapid üzrə dünya çempionu, FİDE reytinqində beşinci pillədə qərarlaşan Şəhriyar Məmmədyarovla üçqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Teymur Rəcəbov təmsil edəcək.
Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2019" turnirinin təntənəli açılış mərasimi martın 30-da Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. 9 turdan ibarət yarışa aprelin 9-da yekun vurulacaq.
Xatırladaq ki, 2014, 2015 və 2018-ci illərdə yarışın qalibi dünya çempionu Maqnus Karlsen (Norveç) olub. 2016 və 2017-ci illərdə isə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov birinci yeri tutub.