Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev "Sovetski sport" nəşrinə geniş müsahibə verib. Matc.az saytının məlumatına görə, gənc forvard həm klub, həm də milli karyerası barədə hədəflərindən danışıb.

- Dünya çempionatının vitse-çempionuna qarşı oynamaq necə hissdi?

- Onlara qarşı pis oynamadıq. Bir epizodda əks-hücumdan xorvatları cəzalandırdıq. Təəssüf ki, yaxın olmağımıza baxmayaraq, heç-heçə edə bilmədik. İstənilən halda Zaqrebdəki oyuna müsbət yanaşmaq olar. Matçın əvvəlində həyəcan var idi. Axı rəqib ulduz futbolçulardan qurulmuş komandadı. Hər şeyini meydanda qoymaq məcburiyyətindəsən. Litva ilə yoxlama görüşünə isə yorğun çıxdıq. Bir neçə qol şansını qaçırdıq və qolsuz bərabərə qaldıq.

- Daha əvvəl Luka Modriçi çox bəyəndiyinizi demişdiniz. Kumirə qarşı oynamaq sizin üçün nə deməkdi?

- Əlbəttə, onunla eyni meydana ayaq basmaq gözəldi. Təsadüfi deyil ki, Modriç keçən il "Qızıl top" qazanıb. Ustalığını oyunda göstərə bilir. Belə bir rəqiblə qarşılaşdığınız zaman idmançı kimi özünüzü inkişaf etdirirsiniz. Bu, əvəzsiz təcrübədi. Yeri gəlmişkən, mən "Real" azarkeşiyəm. Təkcə Modriçə görə deyil. Luka İngiltərədə "Tottenhem"in formasını geyinsə də, orda "Arsenal"a simpatiya bəsləyirəm.

- Xorvatiya sizə çətinliklə qalib gəldikdən sonra Macarıstana uduzdu. Sizcə, Azərbaycan yığmasının qrupdan çıxmaq şansı varmı?

- Fikrimcə, mümkünsüz heç nə yoxdu. Seçmə mərhələdə bir neçə sensasiya, maraqlı oyunlar oldu. çətin qrupdayıq - Macarıstan Uels, Slovakiya... Ancaq biz ikinci yer uğrunda mübarizə aparacağıq.

- Azərbaycan yığmasını xorvatiyalı Nikola Yurçeviç çalışdırır. Oyunçular klublarına getməmişdən əvvəl o, sizə nə dedi?

- Yaxşı oyuna görə təşəkkür etdi. Həmçinin iyun ayında Macarıstan və Slovakiya ilə ev oyunlarımızın olduğunu xatırlatdı. Bu matçlar həlledici ola bilər. Bu görüşlərdə maksimum xal toplamaq lazımdı.

- Rusiya Premyer Liqasında Azərbaycan yığmasının yeganə təmsilçisisiniz. Komandanızın daha hansı üzvləri bizim çempionatda çıxış edə bilər?

- çox ad çəkə bilərəm, ancaq konkretləşdirmək istəmirəm. Bunlar subyektiv fikirlərdi. Bir komanda uyğun gələ bilər, digəri yox. Bütün bunlar məşqçinin baxışından asılıdı. Azərbaycanlı futbolçuların ustalıq səviyyəsi kifayət qədər yaxşıdı.

- Karyeranıza "Zenit"də başladınız, ardından "Trabzonspor", "Jilina" və "Qarabağ"da davam etdirdiniz. Bu proseslər necə baş verdi?

- "Zenit"də baş məşqçi mənim potensialımı görməmişdi. ümumiyyətlə, Sankt-Peterburq klubu öz yetirmələrinə az şans verir. Ancaq gələcəkdə ora dönə bilərəm. Həmin vaxt "Trabzonspor"dan cazibədar təklif gəldi, razılaşdım. Ancaq orda da qısa müddət sonra aydın oldu ki, baş məşqçi mənə ehtiyac duymayacaq. "Jilina" təcrübəsi faydalı oldu. Başqa iki variant da var idi, ancaq Slovakiyanı seçdim. Həmin çempionatı avropalı skautlar izləyir. Azərbaycanda isə "Qarabağ"la ölkə çempionu oldum. Ancaq mənim üçün oynamaq titul qazanmaqdan daha vacibdi. Slovakiya və Azərbaycanda qazandığım qızıl medalı Rusiyadakından üstün tuturam.

- "Zenit"də olarkən Rusiyanın U-17 yığması ilə Avropa çempionu, U-19 komandası ilə də ikincisi oldunuz. Niyə Azərbaycan millisini seçdiniz?

- çətin qərar idi. Bəli, bütün həyatımı Rusiyada keçirmişəm. Ancaq orda qalıcı olacağıma və müntəzəm olaraq beynəlxalq təcrübə qazanacağıma zəmanət yox idi. Mən isə ən nüfuzlu yarışlarda iştirak etmək istəyirdim. Azərbaycan yığmasından da dəvət gəldi, azarkeşlər bunu çox isti qarşıladılar. Bu üzdən hər şeyi müzakirə etdikdən sonra razılaşdım. Bu qərarıma görə peşman deyiləm. Son üç ildə Almaniya, çexiya, Xorvatiya kimi güclü komandalara qarşı oynamaq imkanım oldu. Mənim istəyim də bu idi.

- Ancaq əvvəlcə bir ölkənin, sonra isə digər ölkənin himnini səsləndirdiniz...

- Uşaq vaxtı özümü rus hesab edirdim və əsas komandada oynayacağıma ümid edirdim. Ancaq indi milli komanda səviyyəsində özümü Azərbaycanla birləşdirmişəm. Bura mənim tarixi vətənimdi, atamın, atalarımın torpağıdı.

- Vətəndaşlığı dəyişdiyiniz üçün sizi Rusiyada qınayan olmadı?

- Xeyr, heç kim bu barədə nəsə deməyib. Sadəcə, məşqçilər qərarı təxirə salmağımı istəyirdilər. Ancaq sonra mövqeyimi öyrəndilər. Hamısı ilə də münasibətim yaxşıdı.

- "Krılya Sovetov"da birgə oynadığınız Aleksandr Səmədov Rusiya yığmasını seçdiyi üçün azərbaycanlı azarkeşlərin tənqidi ilə üzləşmişdi. Onunla bu barədə söhbətiniz olubmu?

- Bəli. Ona qulaq asmaq mənə maraqlı gəldi. çünki o da mənimlə eyni vəziyyətə düşüb. Saşa bildirdi ki, insan istənilən vəziyyətdə müstəqil qərar verməlidi. Hər kəsin öz yolu var. Azərbaycanlı azarkeşlər onun dünya çempionatındakı uğurlu çıxışına sevindilər.

- "Arsenal"a azarkeşlik etdiyinizi dediniz. Oyununuzu onların stilinə uyğun bilirsiniz?

- Bəli, onların oyun üslubunu çox bəyənirəm. İlk kompyuterim olanda yalnız "Arsenal"ı seçib oynayırdım.

- Henrik Mxitaryanın yolunu təkrarlamaq istərdinizmi?

- Əlbəttə. Ancaq "Mançester Yunayted"dən ora keçməklə deyil. Ən yaxşısı burdan birbaşa "Arsenal"a getməkdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest