Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç ölkəsi Xorvatiyada "Sportske jutarnji" nəşrinə müsahibə verib. Matc.az saytı xəbər verir ki, mütəxəssis əsasən AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya ilə keçirilən oyun barədə danışıb.

- Səfərdə Xorvatiyaya ciddi problem yaratdınız. Həmin oyunu necə şərh edərdiniz?

- Buna 3 aspektdə nəzər yetirmək lazımdı. Birincisi, bu bir faktdı ki, hələ mənim həm oynadığım, həm də Biliçin köməkçisi kimi işlədiyim dövrdə də Xorvatiya seçmə mərhələ ilə müqayisədə böyük turnirlərə daha məsuliyyətli yanaşır. çünki seçmə mərhələ matçlarında xorvatlar əsasən favorit sayılırlar. İkincisi, rəqib daha motivasiyalı olur. Məsələn, biz Xorvatiya ilə oyuna 200 faizlik köklənmə ilə getmişdik. üçüncüsü isə oyun aspektidi.

- Sizin Xorvatiya yığmasını yaxşı tanımağınızın bunda rolu oldumu?

- Xorvatiya ötən il Rusiyadakı dünya çempionatında qeyri-adi enerji və fantastik əks-hücumlar ən təhlükəli rəqiblərdən birinə çevrilmişdi. Bilirdim ki, müdafiədə etibarlı oynasaq, onlara problem yarada bilərik. Həmin görüşdə də bunu 5-6 dəfə etdik. Rəqib qapısından bir top keçirdik, ancaq yenə vura bilərdik.

- Futbolçularınıza əsasən nəyə diqqət yetirməyi tapşırmışdınız?

- Əsas məqsəd maksimum gücümüzü ortaya qoymaq idi. Ona görə də sona yaxın cinah oyunçularımız yorulmuşdular. Onlar Perişiç və Barişiçin olduğu cinahı bağlamışdılar, həmçinin digərləri də çətinlik çəkirdilər. Xorvatlar sonda Kramariçin hiyləgərliyi sayəsində qələbə qazandı. Halbuki bu futbolçu ilə bağlı da söhbət etmişdik. Təbii ki, tapşırıqların hamısını tam yerinə yetirmək mümkünsüzdü. Onun dahiliyi bizi məğlub etdi.

- Xorvatiyanın sizdən 3 gün sonra Macarıstana uduzması sizi təəccübləndirmədi?

- Təəccübləndim. Oyunu izlədim və hər şeyin necə baş verdiyini gördüm. Düzgün motivasiya olunmamışdılar. Hesabı açdıqdan sonra futbolçular hər şeyə nəzarət etdiklərini düşündülər. Macarları yaxşı tanıyıram, onlar qol buraxanda daha aqressiv olurlar. İndiyə qədər onların belə ruh yüksəkliyi ilə oynadığını görməmişdim. Azarkeşlərlə oyunçular arasında qarşılıqlı əlaqə möhtəşəm idi.

- Azərbaycan yığması daha sonra yoldaşlıq oyununda Litva ilə qolsuz bərabərə qaldı...

- Yerli assosiasiya və futbol ictimaiyyəti Xorvatiya ilə Zaqrebdəki oyunumuzdan, rəqibə yaratdığımız problemdən razı qaldı. Təəssüf edirik ki, Azərbaycan futbolu tarixinin ən böyük sensasiyasını gerçəkləşdirə bilmədik. Komandada yaxşı atmosfer yaratmaq vacibdi. Litvanı məğlub etməliydik. Amma hər şey qaydasındadı. Seçmə mərhələdə autsayder sayılsaq da, hər bir komandaya güclü rəqib olmağa çalışacağıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest