İtaliya A seriyasında 2-ci pillədə yer alan "Napoli" mövsümün son iki ayında bütün gücünü Avropa Liqasına (AL) yönəldəcək. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, neapollular indidən AL-in 1/4 final mərhələsində "Arsenal"la keçiriləcək oyunlara köklənib.

Halbuki ilk və cavab görüşləri ərəfəsində A seriyasında "Cenoa" və "Kyevo" ilə oyunlar olacaq. Yerli KİV baş məşqçi Karlo Ançelottinin ölkə çempionatı matçlarında ehtiyat qüvvəyə şans verəcəyini iddia edib. çünki hazırda ən yaxın izləyicisindən 10 xal öndə olan "Napoli"nin turnir cədvəlində, demək olar ki, nə yüksəlmək, nə də enmək ehtimalı qalıb.

Əvəzində Avroliqadakı rəqib "Arsenal"ın Premyer Liqada ilk "dördlük"dən kənarda qalmaq ehtimalı var. Maraqlıdı ki, italiyalı həmkarlarımız "Napoli"ni nəinki "Arsenal"la cütün favoriti, hətta finala vəsiqə qazanacaq ilk komanda qismində görür. Onların fikrincə, Ançelottinin kollektivi yarımfinalda "Vilyarreal" - "Valensiya" cütünün qalibini də üstələyəcək.

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest