Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019" superturnirində 4-cü tura yekun vurulub. Matc.az xəbər verir ki, bu turda çexiya şahmatçısı David Navarayla heç-heçə oynayan Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov turnirin rəsmi saytına müsahibə verib.

- IV turda yenidən çətin oyun izlədik. David Navarayla partiyadan hiss olunurdu ki, III turda Vişvanatan Ananda məğlubiyyəti unutmamısan...

- Ananda qarşı ideal oynamışdım. Bəlkə də, son aylar belə üstünlükdə olduğum partiyam olmayıb. Kompyuter aşkar qələbə göstərirdi. Lazımsız vaxt itkisinə yol verdiyimə görə təəssüflənirəm. Səhvlər etdim. çox fikirləşməklə vaxt itirdim, sonda heç-heçəyə razılaşmağa məcbur olurdum. Artıq heç-heçəyə razılaşa bilərdim, amma qələbəyə oynamağı üstün tutdum. Sonda belə partiyada uduzmaq adama təsir edir. Qələbə qazanmaqla liderlər sırasında olmaq əvəzinə indi aşağı yerlərdəyəm. Sözsüz, bu mənə çox pis təsir edir.

- David Navarayla partiyada nə baş verdi?

- Demək olar ki, eyni oyun təkrarlandı. Debütdən riskli oynadım, üstünlük qazandım. Bir gedişlə üstünlüyü itirərək pis vəziyyət aldım. Hətta uduza bilərdim. İstəmədiyim sonluq oldu. Oyuna yaxşı başlayıram, lakin sona qədər davam etdirə bilmirəm. çox riskli oyun idi. Vəziyyətin pis olduğunu görəndə çox məyus oldum. Uduzsaydım əşyalarımı yığıb Şəmkirdən evə qayıtmağı düşünürdüm. Oyun alınmırdı, ona görə qəribə fikirlər gəlirdi. 

- Sabiq dünya çempionu Vişvanatan Anandı sənə görə uğursuz rəqib adlandırmaq olar?

- Ananda qarşı hər oyunda qalib gəlmək istəyirəm. Bəlkə bu amil mane olur. Onunla partiyada yaxşı üstünlüklərim olub, istifadə etməmişəm. Başqa şahmatçılarla görüşdə həmin üstünlüyü qələbəyə çevirirəm. Anandla partiyalarda alınmır. Bəzən şahmatçılarda olur. Sanki Anand turnirdə bizdən xalları götürərək Maqnusa verir. Gənclərlə - bizim yaşıdlarla yaxşı oynayır. İki dəfə İddiaçılar Turnirini qazanan şahmatçıdı. çətin rəqib deyil. Sadəcə psixoloji cəhətdən ona hazır olmalısan.

- Qarşıda daha bir çətin sınaq var. Növbəti tur qara fiqurlarla dünya çempionu Maqnus Karlsenə qarşı oynayacaqsan. 

- Turnirdəki mövqeyim pisdi. Demək olar ki, çox itkilərim oldu. Maqnusla oyuna gəldikdə maraqlı mübarizə gözləyirəm. Qələbə uğrunda rahat mübarizə aparmaq olar. Onsuz liderlərdən çox uzaq düşdüm. Hər şey yaxşı olanda qorxursan korlayarsan. İndiki vəziyyətdə isə turnir mənim üçün düzələ bilər.

- Şəmkirə məşqçisiz gəlmisən?

- Dostumla gəlmişəm. İndi kompyuter vasitəsilə işləmək rahatdı. İnternetlə kömək etmək mümkündü. Yaxın günlərdə Eltac Səfərli Şəmkirə gəlir. Avropa birinciliyində iştirak edirdi, ona görə əvvəldən gələ bilmədi. Eltac son turlarda kömək edəcək. Uğursuzluqdan sonra dəyişiklik vacibdi. Deyim ki, Eltacın gəlməyi əvvəlcədən planlaşdırılırdı.

- FİDE reytinqini izləyirsən? çünki bəzən uğursuz partiyalardan sonra mövqeyin dəyişir...

- Əvvəllər reytinqi səbrsizliklə gözləyirdik. İndi həmin həyəcanla gözləmirik. Daha çox müxtəlif saytlardan baxırıq. Reytinq önəmlidi. Hamı yüksək pillələrdə olmaq üçün oynayır. Əsas turnirdə uğur qazanmaqdı. Razıyam iki turnirdə reytinq itirim, amma sonra güclü yarışda qalib adını qazanım.

- "ShamkirChess2019" turnirində kimin çempionluq şansı daha çoxdu?

- Maqnus Karlsen favoritdi. Teymurun ilk turda yaxşı üstünlüyü var idi. üstünlüyü artırmaq olardı. Təəssüf olsun, Rəcəbov üstünlüyü əldən verdi. Maqnus bundan sonra daha inamlı oynamağa başladı. Ardıcıl iki qələbə qazandı. Maqnusla yanaşı, Dinq Lireni də qeyd etmək istərdim. Bununla belə qarşıdakı turlarda lider dəyişə bilər.

- Bəziləri düşünür ki, Maqnus Karlsenlə görüşdə rəqiblər çəkinir, həyəcan keçirir. Bu fikirlə razısan?

- Maqnusun digər şahmatçılardan üstün olması hamıya məlumdu. Rəqibləri fiziki cəhətdən də üstələyir. Oyunu dəyişməyi bacarır. Şahmatçıların Maqnusdan qorxmasına inanmıram. Bu sadəcə oyundu. özüm haqqında danışa bilərəm. Maqnusla oyun ikiqat maraqlıdı. Bilirəm ki, qarşımdakı məndən üstündü. Daha güclüyə qalib gəlmək böyük sevinc bəxş edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest