çox yox, bir ay əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov assosiasiyanın Hesabat Konfransından sonra keçirilən mətbuat konfransında uşaq futboluna görə narahatlığını dilə gətirmişdi. Məmmədovun ən çox giley-güzar etdiyi məqam UEFA-nın uşaq futbolu üçün klublara ayırdığı məvacibin əsas komandalara xərclənməsi idi.
 
Yaxın illərə qədər Azərbaycanda ən çox istedadlı futbolçu yetişdirməsinə öyrəşdiyimiz "Neftçi" də bəzi klublar kimi, uşaq futboluna artıq barmaqarası yanaşır. Klubdakı rəhbər dəyişikliyindən sonra bütün diqqətini əsas komandaya yönəldən "ağ-qaralar" SOCAR-ın ayırdığı maliyyəni sağa-sola xərcləməkdən çəkinmədi. Məqsəd bəllidi: komanda mütləq çempion olmalıdı.
 
Bəli, "Neftçi" kimi komandaya yalnız çempionluq uğrunda mübarizə yaraşar. Ancaq 2-3 il üçün nəzərdə tutulan pulu bir il ərzində havaya sovurmağın, lazımsız əcnəbiləri necə gəldi komandaya cəlb edib, 6 ay sonra geri göndərməyin fəsadları sonra üzə çıxacaq.
 
Rəhbərlik bu pulla da kifayətlənməyib uşaqlar üçün ayrılan vəsaitə də göz dikib. Belə olmasaydı, "Neftçi"nin U-12 komandası İzmir Kubokunda iştirak etmək üçün Türkiyəyə təyyarə ilə gedərdi. Ancaq prezident Kamran Quliyev yeniyetmələri avtobusla 36 saatlıq yola çıxarıb. Utanmasaydılar, uşaqları atla və ya velosipedlə göndərərdilər ki, əlavə benzin pulu çıxmasın.
 
Yeniyetmələrin beynəlxalq turnirlərdə iştirakı onların gələcəyi üçün müsbət haldı. Məsələn, "Qəbələ" uşaq komandalarını tez-tez ölkə xaricinə çıxarmağın bəhrəsini görməkdədi. Təsadüfi deyil ki, son illər "qırmızı-qaralar"ın akademiyasından saysız-hesabsız futbolçular üzə çıxır. Demək olar ki, bütün Premyer Liqa klublarında "Qəbələ" yetirməsi görmək mümkündü. Hətta bəziləri gənc yaşda legioner həyatı da yaşamağa başlayıb.
 
Bölgə klubu da U-12 komandasını İzmirə göndərir. Ancaq "Neftçi" kimi avtobusla deyil, təyyarə ilə. UEFA-nın ayırdığı məbləğ, bəlkə də, "Qəbələ"nin akademiya xərclərini qarşılamır. Bununla belə, rəhbərlik gələcəyini düşünür, yeniyetmələrin rahatlığı üçün əlavə xərclərdən çəkinmir.

Ancaq Azərbaycan futbolunun "flaqman"ı bu günü ilə yaşayır. Bu günü ilə yaşayanın isə sabahı quyudu. Deyirlər uşaq dövlətin sabahıdı. "Neftçi" rəhbərliyinin sabaha "töhfəsi" isə göz qabağında.  

Dəfələrlə bunun əyani sübutunu artıq tarixə qovuşmuş komandaların timsalında görmüşük. Düzdü, "Neftçi" onlar kimi dağılmayacaq. Ancaq bir az maliyyəsi azalan kimi, nə indi üzlərinə baxmadığı yetirmələri kömək edəcək səviyyədə olacaq, nə də digər futbolçular (yerli və əcnəbi) ora can atacaq. Bu da yenidən "Neftçi"ni autsayderlərdən birinə çevirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest