"İlk dəfədi Şəmkirə gəlirəm. Burda olmağıma çox şadam. "Shamkir Chess 2019" superturniri yüksək səviyyədə təşkil edilib". Matc.az verir ki, bu sözləri Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirini izləmək üçün Şəmkirə gələn Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç mətbuat konfransında deyib.

Qurum rəhbəri dünya çempionu Maqnus Karlsenin turnirdə iştirakını yüksək qiymətləndirərək deyib: "Dünyanın ən güclü şahmatçısı olan Maqnus Karlsenin oyunu daha çox maraq doğurur. Onun digərlərindən fərqi qarşılaşmalar zamanı diqqətini oyunlara maksimum cəmləyə bilməsi və öz üzərində daha çox işləməsidi".

FIDE-də bir sıra yeniliklərin tətbiq olunmasının müzakirə edildiyini vurğulayan Dvorkoviç bildirib ki, şahmatı bütün dünyada daha da sevdirmək üçün ciddi səy göstərilir: "Dünyanın hər yerində şahmat məktəblərinin açılmasını istəyirik. Eyni zamanda rəsmi yarışlarda qadın şahmatçıların iştirakçıların ən az 25 faizini təşkil etməsi əsas hədəfimizdi. Hazırda bütün məlumatların internet vasitəsilə əlçatan olması üçün vahid bazada yerləşdirilməsini nəzərdə tutan proqram üzərində çalışırıq".

Superturnirin beşinci turunda norveçli Maqnus Karlsen ilə şahmatçımız Şəhriyar Məmmədyarov arasındakı partiyada ilk gedişi FIDE prezidenti Arkadi Dvorkoviç edib. AZƏRTAC

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest