"Bu gün komanda təzyiq altında oynadı. Yenə də oyunumuz ürəkaçan idi". Matc.az saytı xəbər verir ki, bu sözlər "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədova məxsusdu.

Topaz Premyer Liqasının XXIV turunda "Qəbələ"ni qəbul edən paytaxt təmsilçisi 1:2 hesabı ilə məğlub olub.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Əhmədov fikrini bu sözlərlə davam etdirib: "Bu, həmişəki problemdi. Bu qədər imkanların fonunda qol vurmamaq və ikinci hissə başlayan kimi qol buraxmağımız məyusedici oldu. Ən yaxşı oyunlarımızdan birini keçirdik. Komandada psixoloji problemi futbolçular həll edə bilmir. İlk hissəni gözəl keçirdik. Rəqibi öz qapısı ağzına sıxdıq. Ancaq ikinci hissədəki psixoloji sindrom həlledici oldu. Adamın əziyyətinə heyfi gəlir. Bu cür oyunla uduzmamalı idik".

- Məğlubiyyət komandaya nə dərəcədə psixoloji təsir edəcək?

- Təkcə oyun deyil. Futbolçunun bir düşüncəsi olmalıdı – mütləq qələbə qazanmalıyam. Futbolçu uduzmaqdan qorxsa, istər-istəməz bu baş verəcək. 3 gündən sonra "Qarabağ"la ağır səfər oyunumuz var. Bacardığımız qədər komandanı bu vəziyyətdən çıxarmağa çalışacağıq. Elə şeylər var ki, məşqçinin, rəhbərliyin ona gücü çatmır. Bu, futbolçunun iradəsindən asılı olur. Peşəkar futbolçular ağır vəziyyətdən çıxış yolu tapırlar. "Yuventus"u A seriyasından aşağı göndərəndə liderlər getmədi və komandanı elitaya qaytardılar.

- Oyunçuların istəkli olmamasına səbəb maliyyə problemi ola bilərmi?

- Maliyyə problemi yoxdu. Bu günlərdə maaşlarını alıblar. Oyuna baxanda adamı məyus edən gözəl oyunun fonunda məğlub olmağındı. Bu da futbolun yazılmayan qanunudu.

- Kamran Ağayevin durumu nə yerdədi?

- Əli gipsdədi, mövsümü başa vurub. Əməliyyat da ola bilər. Hər halda gips açılandandan sonra bilinəcək.

- Davud Kərimi onu əvəz edə bilirmi?

- Gəlin bu haqda danışmayaq. Səhv hamınındı. Davudun təcrübəsi var. Rəqib Davuda qədər gəlib çıxırsa, deməli, hamının səhvi var. Futbolçularımın bu gözəl oyununa yalnız alqış düşür.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest