"Neftçi" yay transfer planlarını cızır. Neçə vaxtdı bir neçə futbolçunun adı bakılılarla yanaşı çəkilir, hər ötən gün yeni namizədlər ortaya çıxır. Həm yerli, həm də əcnəbi oyunçularla bağlı ciddi informasiyalar var.

Tutacağı yerdən asılı olmayaraq, komandanın heyətdə islahat aparılacaq. çünki avrokuboklarda uğurlu iştirak üçün daha yaxşı futbolçulara ehtiyac var, sponsorlar da rəhbərliyə bu imkanı yaratmağın əleyhinə deyil.

4 futbolçunun yayda komanda ilə vidalaşacağını indidən demək olar. Qoran Paratski ümidi doğrultmur, onun yaşı da müqavilənin davam etdirilməsi üçün əlverişli deyil. Bu səbəbdən 32 yaşlı xorvat ölkəmizdə son mövsümünü keçirir.

Petru Rakunun gedəcəyi isə elə debüt oyununda bəlli oldu. Cəmi 1 matça çıxan və komandaya yaramadığını 10-15 dəqiqəyə sübut edən moldovalı müdafiəçi də vətəninə qayıdacaq. Bu oyunçunun da 32 yaşı var və ümumiyyətlə, niyə transfer edildiyi azarkeşlər üçün sual olaraq qalır. Elvin Sərkərovun icarəyə verilməsindən sonra tələsik alınan arxa xətt oyunçusu Roberto Bordinin güvənmədiyi futbolçulardandı.

"Neftçi" 2 yerli futbolçunu da yola salacaq. Rəhman Hacıyev heç cür heyətə düşə bilmir və özünə yeni iş yeri axtarır. Yarımmüdafiəçi ilə bir neçə komanda, əsasən "Sumqayıt" maraqlanır. 2 klub bu futbolçunun Aleksey İsayevlə dəyişdirilməsi məsələsində ortaq məxrəcə gələ bilər. Bakılılar İsayevi düşərgəsinə cəlb etmək arzusundadı və Rəhman barter üçün sumqayıtlıların arzuladığı simadı.

Bordinin şans cermədiyi Məhəmməd Mirzəbəyovun gedəcəyi yer isə bəllidi. Cinah müdafiəçisi heyətdəki yerini çoxdan itirib və gənclərlə rəqabəti uduzur. Onun qışda "Sabah"a gedən Rəşad Eyyubovun arxasınca yollanacağı gözlənilir. Debütant milliləşdirilmiş oyunçunun xidmətində maraqlıdı, futbolçu da ilkin razılıq verib. Qalır mövsümün bitimini gözləmək və anlaşmanı rəsmiləşdirmək.

"Neftçi"dən göndərilənlərin sayı daha çox ola bilər. Bu, daha çox italiyalı baş məşqçinin taleyindən asılıdı. Bakılılar nəticələr üzündən Bordinlə müqaviləyə vaxtından əvvəl xitam versə, birbaşa çalışdırıcının istəyi ilə transfer olunan daha bir neçə oyunçu göndərilə bilər. Hələliksə 4 nəfərin gələn mövsüm "ağ-qara" forma geyməyəcəyi dəqiqdi. futbolinfo.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest