"Nəticəni sürpriz saymaq olmaz. Komanda ikinci hissədə sıfır nəticə göstərdi. İlk yarıda hərəkət vardı, amma fasilədən sonra... Bu barədə söhbətimiz olacaq". Matc.az xəbər verir ki, bunu "Keşlə"nin prezidenti Zaur Axundov Azərbaycan Premyer Liqasının XXV turunda "Qarabağ"a 0:3 hesablı məğlubiyyəti şərh edərkən deyib.  Onun sözlərinə görə, Ağdam təmsilçisinin daha səviyyəli komanda olması özünü göstərib.

- Belə durumda çıxış yolunu nədə görürsünüz? Heyət zəif deyil, legionerlər də var. Amma nəticə yoxdu...
- Sizinlə tamamilə razıyam. özümüz də çalışırıq. Futbolçuların maaş və digər məsələlərlə bağlı heç bir problemi yoxdu. Tutarlı bir səbəb yoxdu ki, çatışmazlıq olduğunu deyim. Hər şey artıqlaması ilə var. Elə bil ki, qara zolaqdayıq. Futbolçular inamı itiriblər və ya başqa nədi, bilmirəm.

- Futbolçular sizinlə söhbətdə səbəbi nədə görürlər?
- Cavab vermirlər. Deyirlər dəyişiklik olacaq, amma birinci hissə oynayırlar, ikinci yarıda nə baş verir, bilmirik.

- Bəlkə, komandanın Premyer Liqada qalacağından arxayındırlar? Mövsümün başa çatmasına 3 tur qalıb, nəyə ümid edirsiniz?
- Təbii ki, maksimum xal qazanmaq lazımdı. Bu oyunun araşdırması da olacaq. özüm də komandadan qıraq qalmıram. Demək olar ki, hər gün məşqlərdə iştirak edirəm. Son pillədəyik. Bu, kluba yaraşmayan bir yerdi. İstəməzdik belə olsun. Mən də, baş məşqçi də var gücümüzü qoyub komandanı böhrandan çıxarmalıyıq.

- Növbəti mövsüm Premyer Liqa klublarının sayının 10-a çatdırılmasına ümid var?
- ötən mövsüm Azərbaycan Kubokunu qazanan komandayıq. Bu durumu böhran adlandırardım. Fikrimiz son pilləni tərk etməkdi.

- Bəs, tərk etməsə necə olacaq?
- çempionat başa çatandan sonra müəyyən qərarlar qəbul olunacaq. Hər bir klubda olduğu kimi bizdə də dəyişikliklər istisna olunmur. Baş məşqçi və məşqçilər korpusu ilə söhbətimiz olacaq. Bu dəqiqə fikir odu ki, maksimum xal toplamaq lazımdı.

- Futzalda hər zaman nəticə verirdiniz. "Keşlə"dəki bu məğlubiyyətlər sizi necə təsir edir?
- Xeyir. Təbii ki, mənə ağır gəlir. On ildən çoxdu ki, futzaldayam. Həm milli, həm "Araz" yaxşı nəticələr göstərib. Futbolda məğlub olmaq da olar. Amma əsas odur ki, oyun olsun, mübarizə ilə uduzasan. Bilirik,  "Qarabağ"dı, çempionluğa oynayan komandadı, uduzmaq olar. Amma ikinci hissədə futbolçularda istək görmədim. Mənə uduzmaqdan çox, bu amil təsir edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest