Bir yerdə mehribanlıq, ailə mühiti yoxdusa, orda uğur da qazanılmayacaq, üzlər də gülməyəcək. Belədə nə yuxarının dəstəyi, nə də rəhbərin qayğısı kömək olur.

"Keşlə"nin "İnter" adı altında çıxış etdiyi son dönəmlər yəqin ki, hamının yadındadı.

Borc içində batan, aylarla maaş ödəməyən klub - bunun fonunda çempionatda 3-cü yeri tutan komanda. Bu hal çox keçmişdə yox, 2016/17 mövsümündə yaşanmışdı. Kənardan komanda pərən-pərən görünür, rəqiblər "İnter"ə barmaqarası yanaşırdı. Lakin futbolçular maaş üzü görməsələr də, sözü bir yerə qoyub, hər matça sanki son "döyüş" kimi çıxır, hamını da təəccübləndirirdilər.

İndi isə komanda sona 3 tur qalmış axırıncı pillədə qərarlaşıb. Əvəzində maaşlar vaxtlı-vaxtında ödənilir, futbolçuların maddi cəhətdən heç bir sıxıntıları yoxdu. Klubun pulu olmasaydı, hər halda heyətində 8 əcnəbi futbolçu yer almazdı. Bəs ac vaxtı mərdlik göstərən komanda tox ikən niyə rəhbərliyinə, baş məşqçisinə xəyanət edir?

Əslində, cavab sadədi: baş məşqçi Tərlan Əhmədovun da dediyi kimi, komanda daxilində lider yoxdu. O lider ki, komanda yoldaşlarını bir yerə toplasın, onları nəyəsə inandırsın, rəhbərlik üçün, baş məşqçi üçün "döyüşməyə" and içdirsin.

Məşq və oyun vaxtı baş məşqçi hər şeyə nəzarət edə bilər. Ancaq meydandan kənarda bu iş artıq liderin öhdəliyində olur. "Başsız" futbolçuların da məsuliyyətsizliyi, özbaşınalığı onları müxtəlif yollara əl atmağa vadar edər. Necə ki, "Keşlə"nin prezidenti Zaur Axundov, baş məşqçisi Tərlan Əhmədov komandasından artıq şübhələnməyə başlayıb.

Həm Axundov, həm də Əhmədov oyunçuların ikinci hissədəki mübarizəsinə ad tapa bilmir, artıq araşdırmalı olduqlarını söyləyirlər. Prinsipcə, buna haqları da var. Təsadüfi deyil ki, son 5 turun hamısında məğlub olan "Keşlə" bu görüşlərin 4-də fasiləyə bərabərliklə yollanıb. "Zirə", "Neftçi" və "Qəbələ" ilə matçın birinci hissəsində 0:0 hesabını qoruyan "keçmiş bankirlər" necə olursa, ikinci hissədə qol və ya qollar buraxıb uduzur.

"Sumqayıt"la görüşdə isə ilk yarıdakı 1:1-in fonunda son dəqiqələrdə qol buraxan komanda meydanı başıaşağı tərk edir. Bu qədər təsadüf insanı, həqiqətən də, düşündürməyə bilməz. Təkcə "Qarabağ"la dünənki qarşılaşmanın ilk hissəsindən bakılılar hesabda geridə olub. Onda da ikinci hissədə 2 qol buraxaraq, böyük hesabla yenilib. Statistikaya baxsaq görərik ki, "Keşlə" son 5 oyunun birinci hissəsində 2, ikinci hissəsində isə 8 top buraxıb. Və bu matçların hamısında məğlub olub.

Axundovun, Əhmədovun yerində kim olsa, şübhələnər. Əgər onlar şübhələrində, həqiqətən də, haqlıdırlarsa, futbolçu(nun)ları bu yola atan SƏBƏB maraqlıdı. Vaxtında aldıqları (bir qəpiklik futbolun qarşılığında layiq olmadıqları qədər) maaş, vəd edilən mükafat bəs etmirmi?

Sizi bilmirik, bəndəniz təsadüfə inanmır!

Əhmədov bacarıqlı məşqçi olduğunu "Neftçi"ni ötən mövsüm zirzəmidən çıxarıb, medallara qovuşduranda sübut edib. İndi "Keşlə" ilə bunu etmək mümkünsüzdü. SƏBƏBləri də sadaladıq. Əgər Axundov növbəti mövsüm daha yaxşı komanda görmək istəyirsə, Əhmədova şans verməli, Tərlan bəy isə klub daxilində nifaq toxumu səpənləri komandadan uzaqlaşdırmalıdı. Yoxsa...

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest