Azərbaycanda bir əldə iki, hətta üç qarpız tutmaq adiləşib. Əksər uğursuzluqların səbəbi də məhz bu acgözlükdən qaynaqlanır.

Futbol təsərrüfatımızda da belə halları az müşahidə etmirik. Hətta Premyer Liqanın bir klubunda çalışıb, digərinə söz keçirənimiz də var. Bunlar azmış kimi, elita klubunda fəaliyyət göstərənlər indi də qısa müddət əvvəl yaradılan Region Liqasına "qarmaq atmağa" başlayıblar.

"Tilova düşən" ilk komanda isə "FC Baku"dı. Həmin "FC Baku" ki, danışılmış oyunda şübhəli bilinir. Belə ki, ikinci pley-off mərhələsində "Füzuli" ilə ilk oyunda heç-heçə (1:1) edən paytaxtın eyniadlı komandası cavab görüşündə 1:0 hesabı ilə qalib gələrək, yarımfinala adlayıb. Lakin AFFA cavab qarşılaşmasının nəticəsinin manipulyasiyası şübhəsi ilə yarımfinal oyununu təxirə salıb. Yayılan məlumata görə, "FC Baku" rəqibin bəzi oyunçularını "alıb".

Maraqlısı odu ki, "Füzuli" ilə oyunöncəsi "FC Baku"nu "Neftçi"nin əsas komandasının məşqçisi Füzuli Məmmədov çalışdırıb. Roberto Bordinin köməkçisinin həmin vaxt "ASK Arena"da həvəskar komandaya məşq keçməsi əməkdaşımızın da təəccübünə səbəb olub.

Ancaq məlum olanda ki, "Neftçi" rəsmilərindən biri "FC Baku"nun qeyri-rəsmi rəhbəridi və qardaşı Renat da həmin komandada çalışır - o zaman Füzuli Məmmədovun onlara köməyi təəccüblü deyil.

İndi isə "FC Baku" oyun alqı-satqısında günahlandırılır. Bu çirkin əməllərin həmin şəxslərlə əlaqəli olub-olmadığını deyə bilmərik. Ancaq təəccüb doğuran məqam ondadı ki, Region Liqasında çempionluq üçün pul tökmək kimə nə qazandıracaq?

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest