Aprelin 27-də Topaz Premyer Liqasının XXVI turunun oyunları keçiriləcək. Matc.az saytının məlumatına görə, çempionluq uğrunda mübarizə aparan "Neftçi" sonuncu pilləyə düşməməyə çalışan "Sumqayıt"ı qəbul edəcək.

Bu, komandalar arasında çempionat çərçivəsində 28-ci dueli olacaq. 2011-ci ildən başlayan rəqabətdə "ağ-qaralar" üstündü. "Flaqman"ın 14 qələbəsinin fonunda "kimyaçılar" 9 dəfə meydanı 3 xalla tərk edib. 4 matçda isə bərabərlik qeydə alınıb. Top fərqində də "Neftçi"nin ciddi üstünlüyü var - 43:31.

Cari mövsüm hər iki səfər oyununda "Sumqayıt"a qalib gələn "Neftçi" əvəzində evdə bu rəqib önündə problem yaşayır. II dövrədə rəqibini büdrətməyi bacaran "gənclik şəhəri" təmsilçisi Azərbaycan kubokunun 1/4 final mərhələsində də məhz "Neftçi"ni mübarizədən kənarlaşdırıb. Maraqlıdı ki, "Sumqayıt" kubokda "Bakcell Arena"dakı qalibiyyət sayəsində yarımfinala adlayıb.

ölkə kubokunu da nəzərə alsaq, "Neftçi" son 3 ev oyununda "Sumqayıt"a qalib gələ bilməyib. Kubokdakı yenilgidən başqa, çempionatın son iki ev matçında "ağ-qaralar" 1 xalla kifayətlənməli olublar. "Neftçi" növbəti turdakı rəqibini axırıncı dəfə evdə 2017-ci il oktyabrın 29-da məğlub edib. Bir sözlə, oyun günü "Neftçi"nin "Sumqayıt"la ev matçı sindromu 545 gün olacaq.

Qeyd edək ki, aprelin 27-də keçiriləcək "Neftçi" - "Sumqayıt" görüşü 19:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest