"Oynayan bir komanda vardı. Əfsuslar olsun ki, finala çıxan digər komanda oldu". Matc.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun yarımfinalında "Sumqayıt"la evdə 3:3 hesabı ilə başa çatan cavab oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis futbolçularına iradının olmadığını bildirib: "Buraxdığımız ilk qol çox pis oldu. Fasilədən sonra yaxşı oynadıq, va-bank getdik. Yaxşı komandamız var. Uşaqlara nəsə deməyə sözüm yoxdu. Paltardəyişmə otağında sükutdu. Bundan sonra finalda "Sumqayıt"a azarkeşlik edəcəm. Mənim ötən mövsüm baş məşqçisi olduğum "Sumqayıt" tam fərqli idi. Biz həmin vaxt iki "cəbhə"də mübarizə aparırdıq".

Abasov deyib ki, istədiyi komandanı qurmaq üçün vaxt lazımdı: "Mən gələndə "Zirə" birinci yerdə deyildi. Komanda qurmaq üçün vaxt lazımdı. Durumdan, kollektivdən razıyam. "Sumqayıt"dan tam fərqli ab-havadayıq. Bugünkü 3:3 hesablı heç-heçə "Sumqayıt"ı çempionatda udduğumuz 3 oyundan yaxşıdı. Geridə qalan matçda va-bank gedirsən. Bilal Həmdi yarımcanlı kimi çıxmışdı. Hesab məcbur etməsə, ola bilsin ki, onu oynatmazdım".

Baş məşqçi "pley-off" matçlarında səfər qolunun ləğvi ilə bağlı müzakirələrə də toxunub: "Kaş UEFA bu qərarı bu oyundan qabaq çıxarardı. İsmayıl Fafananı milliyə zarafatla məsləhət görmüşdüm. Bu gün va-bank getdim, onu əvəzlədim".

Qeyd edək ki, ilk matçda qolsuz heç-heçə qeydə alındığı üçün "Sumqayıt" səfər qolları ilə finala çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest