Futbol üzrə Azərbaycan I Divizionun 2018/2019-cu illər mövsümündə sona 1 tur qalmış qalib və gümüş mükafatçı müəyyənləşib. Matc.az saytının məlumatına görə, "Qaradağ Lökbatan"ın qonağı olan MOİK 2-0 hesabı ilə qalib gələrək ən yaxın izləyicisi olan "Sumqayıt-2" ilə 3 xal fərqini qorumaqla çempionluğu rəsmiləşdirib.

Şəxsi görüşlərdə "gənclik şəhəri" komandasından üstün olan "hərbçilər" üçün son tur formal xarakter daşıyacaq.

"Sumqayıt-2" "Zirə-2"-ni 4-2 məğlub etsə də, çempionluğa olan nəzəri şansları da itirib. Lakin, ən yaxın izləyicisini 10 xal qabaqlayan sumqayıtlılar 2-ciliyi sığortalayıb.

3-cülük taleyinə aydınlıq gətirmək cəhətdən vacib qarşılaşma Zaqatalada keçirilib. Yerli komanda qalib gələcəyi təqdirdə "Neftçi-2" ilə xalları bərabərləşdirəcək və şəxsi görüşlərdə üstünlüyə görə 3-ü pilləyə yüksələcəkdi. "Zaqatala" 73-cü dəqiqədə hesabda geri düşsə də, 90+7-cü dəqiqədə Ramin Əhmədov intriqanı son tura daşıyıb.

Bürünc mükafatçının adına son turda keçiriləcək "Keşlə-2" – "Zaqatala" və "Neftçi-2" - "Qaradağ Lökbatan" görüşlərindən sonra aydınlıq gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest