Azarkeşləri başa düşürəm, 5 xal fərqlə çempionluğa getdiyin mövsümdə ikinciliklə barışmaq olmur. Amma hədəf düz deyil! çempionluğa gedən komandanın oyunçusu heç vaxt elə iş görməz. çempionluq hər futbolçunun karyerasının zirvə nöqtəsidi, bunu nəyəsə dəyişmək mümkünsüzdü!

ümumiyyətlə, hər məğlubiyyətdən sonra günahı bu şəkildə futbolçuların üstünə atmaq türklər demiş yaxşı tavır deyil. Günahkarları futbolçular arasında axtarmamalıyıq! Həm də, necə futbolçular?!

Məsələn, Emin Mahmudov ibadət əhlidi, ortaq maraqlarımız çox deyil. Amma o qədər tərbiyəli və əqidəli oğlandı ki, onun əvəzindən karyerasında bir dəfə də olsun adı hallandırılan məsələlərdə iştirak etmədiyinə and içərəm. Təbiətcə çox sakit və mədəni olan Mahmudovun bu söz-söhbətə sərt reaksiyası da dediklərimin sübutudu. Rusiya premyer-liqasında Moskva "Spartak"ı kimi komandada, Rusiyanın müxtəlif yaşlardan ibarət millilərində, Portuqaliyada çıxış edib. Bu günəcən bir dəfə də adı belə məsələdə hallanmayıb. İnsan kimi də, peşəkar futbolçu kimi də bəlli kimliyi var. Bu mövsüm kapitanı olduğu komandanın lideridi və mənə görə yalnız "Neftçi"nin yox, bütün çempionatın ən yaxşı oyunçusudu. 

Emin elə bir xasiyyətdə adamdı ki, etibar etsən qarşılığını meydanda 100 qat verər, yox güvən hiss eləməsə onda ciddi özünəinamsızlıq yarana bilər. 

Fikrimcə, Tərlan Əhmədovun dövründən bəzi oyunlarda kapitan sarğısının etibar edilməsi bu futbolçunu Azərbaycanda potensialını açmasına böyük rol oynadı. Emin üçün mənəvi məsələlər çox vacibdi. Həmin kapitanlıq sarğısının əvəzinə maaşını, mükafatını bir neçə dəfə artırsalar əminəm, bu qədər effekti olmazdı. 

Əsl futbol görmüş Emin Mahmudov Bakıda belə söz-söhbət çıxacağını bilsə bəlkə də, elə Rusiyada və ya hansısa başqa ölkədə qalardı. Axı o tək-tük futbolçularımızdandı ki, legioner həyatı yaşaması üçün potensialı var və rahatlıqla xaricə yollana bilər.

Emin çempionatın ən yaxşı oyunçusudusa, "Forza Neftçi" də ən yaxşı azarkeş qrupudu. Bu insanlar bir-birini dəstək versə, bundan yalnız "Neftçi" və futbolumuz qazanar! İnanıram ki, tezliklə anlaşılmazlıq aradan qalxacaq və Emin Mahmudov eləcə də, "Neftçi"nin digər futbolçuları, "Forza Neftçi" başda olmaqla klubun bütün azarkeşləri ilə bir yerdə, çiyin-çiyinə komandanı daha böyük zirvələrə daşıyacaqlar!

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest