Bu həftə klubun fəxri prezidenti Orxan Məmmədov yekun qərarını açıqlayıb. Abasovu klubda görmək istəməyən klub rəhbərinə mövsümün əvvəlində arzuladığı məşqçini tanımaq üçün yarım il kifayət edib.

Dilan Duventru, Aleksandr Dedov, Sadio Tounkara, Bilal Həmdi – bu futbolçular Premyer Liqanın son turu bitən kimi "Zirə"ni tərk etməli idi. Baş məşqçi Samir Abasov onun vaxtında transfer edilməyən bütün legionerlərlə vidalaşmağı lazım bilirdi. Siyahı tərtib olunub və rəhbərliyə təqdim edilib.

Komandanın kilid oyunçularının siyahıya düşməsi rəhbərliyi də təəccübləndirib. Xüsusilə Duventru və Həmdi ki, ən vacib oyunçulardan imtina qərarı başadüşülən deyil. çempionat iştirakçılarının demək olar, hamısı bu futbolçuları heyətində görmək istər, Abasov isə məhz özü gətirmədiyindən onların göndərilməsini tələb edir.

Amma indi bu siyahının heç bir önəmi yoxdu. çünki Samir bəyin özü haqda qərar verilib. Bu həftə klubun fəxri prezidenti Orxan Məmmədov yekun qərarını açıqlayıb. Abasovu klubda görmək istəməyən klub rəhbərinə mövsümün əvvəlində arzuladığı məşqçini tanımaq üçün yarım il kifayət edib.

Klub əməkdaşlarıyla, futbolçularla yola getməyən, davranışında, onlarla ünsiyyətində ciddi problem olduğu deyilən, tez-tez haqqında şikayət edilən məşqçinin matçlardan sonrakı açıqlamaları da həlledici olub. Heç bir oyundan sonra məsuliyyəti üzərinə götürməyən, həmişə hansısa futbolçunu, hakimləri, bəzən də klub rəhbərliyini qınayan Abasovun davranışı hamını bezdirib. Mövsümün başa çatması üçün səbr edən klub başbilənləri elitada qalacaqları dəqiqləşən kimi qərarını verib.

ötən mövsüm "Sumqayıt"dakı nisbətən uğurlu fəaliyyətinə görə müqavilə bağlayarkən "Zirə" rəhbərliyinə şərtlərini diktə edən Samir bəy 8 min manat maaşa, xidməti maşın ayrılmasına nail olmuşdu. Lakin bunun qarşılığında vəd etdiyi avrokuboka vəsiqəyə nail ola bilmədi. Gücü yalnız ötən tur komandanın Premyer Liqada qalmasını rəsmiləşdirməyə çatdı. Bütün bunlara göz yummaq olardı, lakin yuxarıda qeyd etdiyimiz səbəblərə, xüsusilə də futbolçularla davranışına görə onunla yola davam edilməyəcək.

Qərar qətidi və Abasovu əvəz edəcək namizədin axtarışı başlanıb. Siyahıya Dilan Duventru, Aleksandr Dedov, Sadio Tounkara, Bilal Həmdi kimi oyunçuları seçən, amma çempionata pis start verdiyi üçün istefaya gedən sabiq baş məşqçi Ayxan Abbasov başçılıq edir. Vaxtilə "Zirə"ni gümüş medalçı edən, indisə "Sumqayıt"ı ölkə kubokunun finalına çıxaran bu məşqçinin yenidən özünü sübut etməsi Orxan Məmmədovun ona müraciət etməsinə səbəb olub.

Naxçıvan finalından sonra Sumqayıtdakı taleyinə aydınlıq gətirəcək Abbasova ilkin təklif edilib, o isə indiki klubu ilə danışdıqdan sonra qərarını açıqlayacaq. Yalnız Ayxan bəyin imtinasından sonra digər namizədlərlə danışıq başlayacaq. Hələliksə dəqiq olan "Sabah"la son tur matçı bitən kimi Samir Abasovun işsiz qalacağıdı (futbolinfo.az).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest