KİA və UEFA Uşaq Fondu minlərlə qaçqın və məcburi köçkün uşağa futbol butsları bağışlayıb. Matc.az xəbər verir ki, xeyriyyə tədbiri Bakıda, UEFA Avropa Liqasının KİA tərəfindən həyata keçirilən Kubok Turunda baş tutub.

Futbol əfsanəsi Deku Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa az qalmış Za'atari qaçqın düşərgəsinin nümayəndələri ilə görüşüb və azyaşlılara butslar təqdim edib. Liqanın qrup mərhələsi ərzində Kia və UEFA Uşaq Fondu Avropada bir sıra şəhərlərə gələrək futbolsevərləri artıq istifadə etmədikləri butslarını azyaşlı qaçqın və məcburi köçkünlərə bağışlamağa çağırıb. Butslar UEFA Uşaq Fondunun köməkliyi ilə ərsəyə gətirilən futbol meydançalarında oynayacaq İordaniyada yaşayan azyaşlı suriyalı qaçqınlara veriləcək.

Aksiyada yüzlərlə buts ianə verilib. 145000-dən çox azarkeş isə Cenevrə, Sevilya, Berlin, London, Milan, Moskva və Paris kimi şəhərlərdə - məktəblərdə, kütləvi futbol klublarında və şəhər mərkəzlərində UEFA Avropa Liqası kubokunu yaxından görməyə fürsət tapıb.

"Portu", "Barselona" və "çelsi" kimi klublarda çıxış etmiş futbol ulduzu Deku bunları bildirib: "Peşəkar ya həvəskar, futbolu sevən və futbol oyanayan hər kəs ilk butslarını xatırlayır. Avropadakı azarkeşlər butslarını aztəminatlı futbolsevərlərə bağışlamaqla  həm onlara daha yaxşı şəraitdə oynamaq imkanı verir, həm də yaddaşlarında unudulmaz xatirəyə çevrilirlər. Za'atari nümayəndələri ilə görüşmək və gənc futbolsevərlərin üzləşdiyi problemlərdən agah olmaq çox təsirli idi. KIA və UEFA Uşaq Fondunun azarkeşlərin qaçqınlara yardım göstərməsinə vasitəçilik etməsi son dərəcə müsbət haldı".

Kampaniya ərzində azarkeşlər Lottar Matteus, Andres Palop, Devid Simen, Eydur Qudyonsen, Andrey Arşavin, Yuri Corkayef və Filippo İnzagi kimi kubok turu səfirləri ilə görüşərək əyləncəli vaxt keçiriblər.

Avropada ümumilikdə 700-dən çox buts toplanıb. Butslar bir neçə həftə içərisində İordaniyaya göndəriləcək.

UEFA-nın Sponsorluq və Lisenziyalaşdırma şöbəsinin rəhbəri Guillaume Sabran bildirib ki, UEFA Uşaq Fondu İordaniyadakı qaçqınlar və məcburi köçkünlərin istifadəsi üçün meydançanın inşasına yardım göstərsə də, buts çatışmazlığı ciddi problem idi: "Avropadakı futbolsevərlərin köməyi ilə azyaşlılar il boyunca daha yaxşı şəraitdə meydana çıxa biləcəklər. UEFA adından kampaniyaya dəstək olan hər kəsə təşəkkür edir, KIA-ya isə müxtəlif həyat şəraitlərində yaşasa belə, eyni futbol sevgisini  bölüşənlərə yardım üçün belə bir platforma yaratdığına görə minnətdarlığımı bildirirəm".

KIA Motors şirkətinin vitse-prezidenti və baş marketinq direktoru Yonq-Von ço isə bunları söyləyib: "Avropada ianə verərək azyaşlı və aztəminatlı futbolsevərlərə yardım edən futbol pərəstişkarlarını dəstəkləmək bizim üçün şərəfdi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest