Sabah “Sumqayıt”la “Kəpəz” üz-üzə gələcəklər. Çox güman ki, “Sumqayıt” təkcə “Kəpəz”lə yox, həm də növbəti məğlubiyyəti ilə də üz-üzə gəlməli olacaq. Situasiya eyni, nəticə eyni: yaxın Sumqayıtın qələbədən və könüllərdən uzaq düşən eyniadlı komandası...
Məğlubiyyət 11 oyundu qol vura bilməyən “Böyük şəhərin tək komandası”nı bir addım da aşağı liqaya yaxınlaşdıracaq.
Vəkili tərəfindən “uğurlu idarəedici persona” (UİP) tituluyla mükafatlandırılan Rəfiyev Riadın “Sumqayıt”ı çətin durumdadı. Sözün bütün mənalarında, yerində sayır - qapısından buraxdığı qolları və acı məğlubiyyətləri. Futbol amansızdı, burda şirin xülyalar acı məğlubiyyətlərə səbəb olur. Təmsil etdiyin şəhərin sanbalını düzgün qiymətləndirməyəndə özün də təmsilə dönürsən. Lap elə böyük rus şairi İvan Krılovun məşhur təmsilindəki araba misalı...
Hərə bir istiqamətə dartdığı üçün araba tərpənmir. Paralel olaraq da, nə rəhbərliyin tükü tərpənir, nə də futbolçuların. Tükünü tərpədə bilməyənlərin batmış bir arabanı, çıxartmaqları bir yana, tərpədə bilməsi belə ağlabatan deyil.
İstiqamət 1: UİP dəyişiklik istəyir, amma necə? Ağlınıza başqa şey gəlməsin, deyilənə görə, cənab UİP “Gənclik şəhəri”ndən başqa şəhərə köç etmək fikrindədi. Bəlkə, işığa çıxıb, zülmətdən arınmaqdı məqsəd? Bilmirəm, bəlkə, düzgün məlumat deyil. Yanıla bilərəm, xətrinə dəyirsə, üzrlü saysın. “Bəlkələr” çox, təhlükələr ondan da çox... Görünən odu ki, cənab UİP “Sumqayıt”ın “işığından” bölgəyə projektorlara zülmət daşımaq fikrindədi...
İstiqamət 2: Üç əsas futbolçu – Elvin Bədəlov, Rövlan Muradov və Səbuhi Abdullazadə mövsümün bitməsini gözləyir deyə, nə özlərini gücə salırlar, nə arabanı. “Üçlüy”ü qınamaq da olmur, mövsümün əvvəlində “Neftçi”, “Turan” və “Sabah” kimi iddialılardan bal kimi təklif almışdılar, fəqət UİP sərt üzünü göstərib, “olmaz” demişdi. Futbolçu tayfasını da anlamaq çətin deyil, zədə alıb, mövsümü niyə erkən başa vursunlar ki? Həm də, zədəli futbolçunu hansı komanda alar?
İstiqamət 3: Baş məşqçi Vaqif Cavadovun futbolçu dövründə qazandığı hörməti-izzəti Sumqayıt küləyi aparmaqdadı. Neynəmək olar, bəxtin gətirmirsə, küləklə sovrulmağa məhkumsan. “Yuxu” filminin həzin “Gilavar” mahnısında deyildiyi kimi: “...küləyə nə var...?!”
Xülasə, Cavadov uğursuzluğu gah kənar dualarla, gah həmkarımıza acıq verməklə ört-basdır etməyində, futbolçularla anlaşmaq üçün dil axtarmağında olsun, sizə kimdən deyim, “Kəpəz”dən...
O “Kəpəz”dən ki, arabanı nəinki tərpətməyə, hətta sındırmağa belə iddialıdı. Azər Bağırovun komandası istəyinə necə çata bilər; təbii ki, “Sumqayıt” ürəyi başqa komandada olan futbolçulara start heyətində yer verməklə.
P.S. “Kəpəz”lə oyunlardan sonra Roman Qriqorçuk “Neftçi”dən, Şahin Diniyev isə “Səbail”dən istefaya göndərilmişdi. Maraqlıdı, Cavad xanın gəncəlilərinə yenilgidən sonra Cavadov istefa verəcəkmi? Suallar və qaranlıq məqamlar çoxdu. Gün kimi aydın olan odu ki, arabanı sudan xilas etməyə “can atanlar”, elə onu sulara qərq edənlərdilər...
İxtiyar ƏSGƏROV