İngiltərə mətbuatı son vaxtlar bütün işini-gücünü atıb, düşüb bir Mxitaryanın üstünə. Sanki hardansa düyməyə basılıb, bunlar da hoydu-hoyduya düşüb, bir ağızdan Bakıdakı Avropa Liqasının finalı ətrafında problem axtarırlar.

Bütün bu söz-söhbətin kökündə "Arsenal" rəhbərliyi durur. Gah şikayət elədilər ki, Bakı uzaqdı, oynamaq istəmirik, gah azarkeşlərinə ayrılan bilet sayından narazılıq bildirdilər... Baş məşqçiləri Unay Emeri finalın İngiltərəyə yaxın yerdə keçirilməsi arzusunu dilə gətirdi. Digər tərəfdən onun "Liverpul"dakı həmkarı Yurgen Klopp "yuyulmamış çömçə" kimi final matçının Bakıda təşkilinə lağ elədi.

Nədənsə, bu müddətdə "çelsi"nin nə uzaq yoldan, nə bilet sayından narazılığını eşitdik. Xırda-xırda başlayan etirazlar "Arsenal"ı Henrik Mxitaryan həddinə çatdırdı. London komandasını narahat edən məsələ guya Mxitaryanın təhlükəsizliyidi. Azərbaycan hökuməti dəfələrlə onun təhlükəsizliyinə təminat verildiyini açıqlasa da, britaniyalılar "çaldığı havanı dəyişmirlər". UEFA-ya, "Arsenal"a nəinki Mxitaryan, bütün futbolçuların təhlükəsizliyi üçün təminat verildi.

Hətta ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə də ingilislərə müsahibəsində bunu dəfələrlə vurğuladı. Di gəl ki, nə mətbuat sözündən, nə də "Arsenal" fikrindən dönmək istəyir.

Bəli, Mxitaryan əslində Azərbaycana ayaq basmamalıdı. çünki Azərbaycandan icazəsiz işğal altında olan bölgələrimizdə olub, hətta yardım da edib. Buna baxmayaraq, Avropa Liqasının final matçı olduğundan, hökumətimiz onu istisnalar sırasına daxil edib, hər cür təhlükəsizlik tədbirinə də söz verib. Adama daha nə edəsən?

İllərdi ölkəmizdə fəaliyyət göstərən BP şirkəti ingilislərin deyilmi? Bu illər ərzində həmin şirkət əməkdaşları ölkəmizdə belə qlobal probemlə üzləşiblərmi? Pul qazananda yaxşıdı, belədə pis? Elə futbol sektorunda da Azərbaycanda fəaliyyət göstərən britaniyalılar var. İndiyə qədər heç birindən nəsə bir narazılıq eşitməmişik.

Adama gülməli gələn təhlükəsizlikdən almanların, hollandların və ya başqa millətin yox, məhz ingilislərin narahatlıq keçirmələridi. O ingilislər ki, getdikləri hər ölkədə mənfi mənada iz buraxmağı bacarırlar, azarkeşləri xuliqanlıqları ilə ad çıxarıblar. İngiltərə klubları hansı ölkəyə səfər ediblərsə, fanatları da orda çaxnaşma yaradır, dalaşmağa adam tapmayanda bir-birilərinin "ətini didirlər". Onlar üçün fərqi yoxdu: küçədə, qatarda, kafedə, parkda... Pivədən içib sərxoş olurlar, istədikləri yeri də qarışdırırlar.

İndi sualım onlaradı: siz bizdən qorxursunuz, yoxsa biz sizdən qorxmalıyıq? özü də tərslikdən 1 yox, 2 ingilis klubu Bakıya gəlir. Bu da o deməkdi ki, mayın 29-da paytaxtımızda ən azı 15 min britaniyalı olacaq. Məncə, qorxulu məqam budu. Emeri, Mxitaryan və ya başqa bir futbolçu yox, yerli vətəndaşlar təhlükəsizlik barədə düşünməlidilər.

P.S. Əminəm ki, bu gərəksiz söz-söhbətlərə görə, oyun zamanı tribunada olacaq yerli azarkeşlərin əksəriyyəti "Arsenal"ı yox, "çelsi"ni dəstəkləyəcək.

Ruslan SADIQOV

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest