"Kəpəz"in müdafiəçisi Rauf Hüseynli Misli Premyer Liqasının 34-cü turunun "Sumqayıt"la matçından sonra Matc.az saytına müsahibə verib:
- Çətin oyun oldu. İstədiyimiz nəticəni əldə etdik. Çalışdıq ki, həm yaxşı oyun göstərək,həm də yaxşı nəticə qazanaq. Düşünürəm ki, bunu etməyi bacardıq.
- Penaltini sən yerinə yetirdin. Xüsusi səbəbi var idi?
- Xeyr. Sadəcə bundan əvvəlki oyunda da penaltini mən vurmuşdum deyə, mənə güvəndilər.Güvəni doğrutlduğuma görə sevinirəm.
- "Səbail" - "Zirə" görüşünü izləyirdiz komanda şəklində?
- Çempionatdakı bütün oyunları izləyirik. Tək "Səbail"in matçını yox. Xüsusi izləmirdik. Çünki öz oyunumuza köklənmişdik."Sumqayıt"la oyuna köklənmişdik ki, qələbə qazanaq.
- "Səbail"in məğlubiyyəti "Sumqayıt"la oyuna daha rahat çıxmağınıza təsir etdi?
- Təbii ki, təzyiqi üstümüzdən bir az atdı. Amma bu oyuna ciddi hazırlaşmışdıq. Çünki xal fərqimiz az idi. "Sumqayıt"la matçda qələbə qazandıq.
- "Şamaxı" və "Qəbələ" ilə Premyer Liqadan düşmək təcrübən var idi. "Atalar üçdən deyib", amma sən üçüncüdə Premyer Liqada qala bildin. Bu haqda nə deyə bilərsən?
- Bəxtsizlik oldu. Xeyirlisi belə imiş. Allaha şükür, bu dəfə təkrarlanmadı və Premyer Liqada qala bildik.
- "Kəpəz"in bu sezon Premyer Liqadakı performansını necə dəyərləndirirsən?
- Xüsusilə qışdan sonra ən yaxşı nəticə əldə edən, çox xal toplayan komandalar arasındayıq.
- 8 turdan sonra xalınız yox idi və Premyer Liqadan düşməyə ən real namizəd "Kəpəz" görülürdü. Nə dəyişdiz?
- Komanda şəklində hamı məsuliyyəti dərk etdi. Oyundan-oyuna artırdıq. Həm məşqçilər, həm də oyunçular birlikdə çalışaraq bu vəziyyətdən çıxmağı bacardıq.
- Yeni sezonla bağlı planların necədir?
- Müqaviləm bitir. 1+1-dir. Qarşılıqlı razılıq olmalıdır. Hələ bu barədə düşünmürəm. Qarşıda "Qarabağ" və "Turan Tovuz"la oyunlarımız var. Həmin görüşlərdə də maksimum nəticə əldə edib, daha yuxarı pillələrdə yer almağı planlaşdırırıq.
- Legioner limitinin ləğvi azərbaycanlı futbolçuların Premyer Liqada oynamasına necə təsir edəcək?
- Xeyrinə, yoxsa ziyanınadır, bunu gələn sezon biləcəyik. Artıq qərar verilib. Danışmağın bir adı yoxdur.
- Təhlükə hiss etmirsən ki, azərbaycanlı futbolçular kənarda qalar, klublar legionerlər gətirər?
- Daha çox çalışmaq lazımdır. Özünü daha çox sübut etməlisən.