"Hamımız istəyirik ki, çempionatımızda klub sayı çox olsun, futbolumuz inkişaf etsin. Ancaq maliyyə və digər məsələlər var ki, onlara mütləq baxılmalıdı. Bütün bunlar AFFA İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə olunacaq". Bu sözləri matc.az saytına AFFA-nın I vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü Rauf Əliyev deyib.

Uşaq futbolundakı durumla bağlı danışan Əliyev bu sahədə inkişafın hiss olunduğunu söyləyib: "Bu gün uşaq futbolunda inkişaf gedir. Bu proses bütün regionlarda davam edir. Demək olar ki, bütün regionlarda olmuşam: Tərtər, Füzuli, Bərdə, eyni zamanda digər yerlərdə. İstedadlı uşaqlar kifayət qədərdi. Düzgün seleksiya qurulmalı və buna məsul olan məşqçilər işləməlidi. Ona görə ki, bu uşaqlar gələcəkdə Azərbaycan yığmasını layiqincə təmsil edə bilsinlər və ölkə futbolunu irəli aparsınlar".

Rauf Əliyev milli komandamızın iyunun 8-də və 11-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində müvafiq olaraq Macarıstan və Slovakiya ilə oyunlarına da toxunub. O, yığmamızdan hər iki ev matçında qələbə gözlədiyini vurğulayıb: "Qarşıdakı iki oyun bizim üçün çox vacibdi. Futbolçularımız hər iki matçda bütün gücləri ilə mübarizə aparmalıdılar. Başqa yol yoxdu. çünki bu oyunlardan nə qədər çox xal toplasaq, gələcəkdə bir o qədər yaxşı olacaq. Əksi olarsa, bu, komandanın vəziyyətini çətinləşdirəcək. Buna görə də, həm baş məşqçi Nikola Yurçeviç, həm də futbolçular başa düşməlidilər ki, onlar hansısa klubu deyil, milli komandanı təmsil edirlər. Hər 2 görüşdə qələbə qazanmalıyıq. 2 oyundan 2 xal toplamaq çox pis nəticə olar. Təəssüf ki, Millətlər Liqasında Malta, Farer adaları kimi komandalara qalib gələ bilmədik. Bu, oldu keçdi. Qarşıdakı matçlarda qalib gəlməyə çalışmalıyıq. Nəzərə alaq ki, Avropa çempionatının 4 oyunu Bakıda olacaq".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest