Mxitaryan-şou bitdi. Ayının, yəni erməninin bir oyunu var imiş, o da armudun başındaymış. Dahı doğrusu…

Doğrusunu Britaniyanın "The Daily Star" qəzeti yayıb. Sən demə, "Arsenal" erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryanla bu yay vidalaşmaq fikrindədir. "Topçular" artıq futbol yaşı keçmiş Henrixə əvvəlki paranı ödəmək istəmirlər.

Təsəvvür edin, Mxitaryan bu mövsüm cəmi 11 dəfə meydana çıxıb. Dünyada pulun qədrini hamıdan çox bilən ingilislər bu nəticəyə görə erməniyə nədən milyonlar versinlər ki? Elə onun anladığı dildə də deyiblər, get özünə klub tap. "The Daily Star"ın və digər ingilis nəşrlərinin yazdıqlarından bəlli olur ki, Mxitaryan "Arsenal" üçün elə bir önəm daşımır, əksinə ağır yükdür. Elə baş məşqçi də Unay Emeri də onun oyunundan narazıdır. Bir qədər əvvəl verdiyi açıqlamasında etiraf edir ki, Mxitaryanın Bakıya getmək istəməməsinindən narahatlığı yoxdur.

Söhbət həm də ondan gedir ki, Mxitaryan "Arsenal"dan sonra böyük ehtimalla "böyük beşliy"ə daxil olan ölkələrdə çıxış etməyəcək. Hər halda, 31 yaşlı və özü də bu il əksər oyunlarda ehtiyat oyunçular skamyasında yer almış birisi ciddi klubun nəyinə gərəkdi?

Məsələnin başqa tərəfi də var; Azərbaycan tərəfi bütün səviyyələrdə və özü də dəfələrlə Mxitariyanın təhlükəsizliyi ilə bağlı təminat verməsinə baxmayaraq, erməni futbolçu hiyləgərcəsinə başqa kampaniyada yer almağı düşündü - bacardıqca adı daha çox hallansın, diqqət mərkəzində olsun. Mxitaryan həm də erməni lobbisinin təsiri altına düşdü. Ermənistan Mxitaryan məsələsindən Azərbaycana qarşı istifadə etməyə çalışdı... Amma yenə fiasko.

Bircə misal çəkəcəyəm. Ermənistan Boks Federasiyasının mətbuat katibi Yervand Akopyan öz feysbuk səhifəsində görün nə yazır.

Sitat: "Azərbaycanın və UEFA-nın ünvanına tənqidlər ağlasığmazdı. Onlar bütün təhlükəsizlik təminatlarını təqdim ediblər. Mxitaryan özü getməmək qərarı verib". Akopyanın bu statusundan sonra şərh yazanların əksəri Mxitaryanı "qorxaq" adlandırıb. Əslində, Mxitaryan Bakıya gəlsəydi belə əsas heyətdə meydana çıxası deyildi. Emerini onu heç əvəzetməylə belə oyuna buraxacağı inandırıcı görünmür. Bununla belə, Mxitayran məsələsində "Arsenal" və futbolçunun da maraqları üst-üstə düşür. Bu məqamda millət vəkili Fazil Mustafanın fikirlərinə haqq qazandırmamaq olmur.

Sitat: "Mxitaryan özü bu çirkin kampaniyanın başında duranlardandır. İngilislər də bundan istifadə edib xeyir götürmək istəyirlər, Mxitaryanı reklam edib onu daha baha qiymətə satmaq üçün. Bu çirkin anti-Azərbaycan kampaniyasının arxasında ingilis maraqları, erməni təbliğatı durur. Futbol bu prosesdə alət oldu, həm ingilislər, həm də ermənilər üçün. Lakin istənilən halda final Bakıda keçiriləcək. Əminəm ki, yüksək səviyyədə oyun baş tutacaq. Düşmənlərə Azərbaycanın bu uğuruna paxıllıq etmək qalacaq".

Millət vəkili haqlıdır; Kənardan kiminsə hürməyinə fikir verməyək, karvan öz işindədir. Azərbaycan onsuzda belə hallara alışıb. Final İrəvanda deyil, Bakıda keçirilir. Azərbaycan belə önəmli tədbirləri ölkəmizdə keçirməklə bölgənin ən gücü dövləti olması haqda dediklərini təsdiqləyir.

Bu arada dünyaca məşhur ESPN telekanalının şərhçisi Stiven Nikolun qeydləri də maraqlıdır.  "Adətən futbolçu üçün final matçını buraxmaq ağır zərbə və faciədir. Karyerasının sonunda futbolçuya yalnız xatirələr və videogörüntülər qalır. Mən əmin deyiləm ki, Mxitaryan bu oyunda uğurlu çıxış edə bilərdi. Futbol elə bir oyundur ki, burada hər şey ideal olmalıdır. Amma o, ideal deyildi. Onun "Arsenal"a keçdikdən sonra oyununu nəzərə alsaq fikirləşmirəm ki, o, komanda üçün itki olacaq. Oyundan imtina düzgün ismarıc deyil. Oyunu oynamaq lazımdır. Fikrimcə, bu, düzgün qərardır".

Hə, cənab Nikol haqlıdır, futbolçunun işi futbol oynamaqdır. çirkli, futboldan kənar məkrli oyunlarla məşğul olmaq yox. Bu elə "Arsenal"ın özünü də aiddir. Yazıya yerləşdirdiyimiz fotoya diqqətlə baxın. "Arsenal"ın ev oyunlarını keçirdiyi "Emireytes" stadionunun qarşısında qoyulmuş bannerdir. 11 aprel, "Napoli"ylə oyundan əvvəl yerləşdirilib. "Bakıya getməyimizə 4 oyun qalıb" sloqanıyla. Və yuxarıda da Londondan Bakıya qədər olan məsəfə - 3965 km- göstərilib. Daha sonra "Valensiya" ilə oyundan əvvəl də belə bir banner qoyulub.

Maraqlı sual yaranır, bəs nədən onda hay-küy çıxarmırdız hörmətli "topçu"lar. Bakı indi yadınıza düşdü? Məsafənin uzun olduğunu indi anladız? Axı "çelsi" də London klubudur? Onlar da Londondan Bakıya uçacaqlar. Bəs onlar niyə etiraz etmirlər. Demək, ortada qərəz var. Qərəzi kənara qoyun. "Oyun" oynamayın, oyun oynayın.

Və nəhayət. Bunların məqsədi deyəsən doğrudan da futbol oynamaq deyil.

"İngiltərənin "Arsenal" klubunun Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə bağlı təxribat xarakterli planları alt-üst olub.

London təmsilçisi mayın 29-da keçiriləcək oyundan öncəki isinmə hərəkətlərində meydana arxasında Henrix Mxitaryanın adı yazılan formalarla çıxmağı planlaşdırırmış.

Azərbaycanda keçirilən görüşə gəlməkdən imtina edən erməniyə dəstək olmaq istəyən "topçular"ın bu arzusuna UEFA əngəl olub. Avropa futbol qurumu hər hansı belə addımın qaydalarla qadağan olunduğunu bəyan ediblər". 

Bunlar hələ də anlamırlar: Burası Bakı! Burada təxribat keçməyəcək.

 Səbuhi MƏMMƏDLİ 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest