"Oyuna çox ciddi hazırlaşmışdıq. çünki "Taraz" yaxşı komandadı və onlar bunu bir neçə dəfə göstəriblər". Matc.az saytı xəbər verir ki, bunu Azərbaycan yığmasının qapıçısı Emil Balayev deyib.

Onun formasını geyindiyi "Tobol" Qazaxıstan Premyer Liqasının XXII turunda "Taraz" üzərində səfərdə 1:0 hesablı qələbə qazanıb. Qarşılaşmanın iştirakçısı olan Balayev oyun barədə klubun rəsmi saytına danışıb: "Gözlənildiyi kimi, çox çətin oyun alındı. Rəqib ilk dəqiqələrdən bizə təzyiq göstərməyə çalışdı. Amma biz birlikdə bu təzyiqdən çıxa bildik. Hər iki komandanın qol vurmaq şansları olsa da, bundan biz yararlanmağı bacardıq. Komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm. Bu çətinliklərə baxmayaraq, son saniyəyə qədər eyni hədəf üçün mübarizə apardıq. Layiqli 3 xal münasibətilə hamını təbrik edirəm".

Qeyd edək ki 12 oyundan sonra aktivində 26 xal olan "Tobol" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Kostanay təmsilçisi lider "Astana"dan 3 xal geri qalsa da, ehtiyatında 2 oyun var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest